Olaydım
Boynunda mirvari, belində kəmər,
Ağ üzündə qoşa xalın olaydım.
Baxıb həsrət çəkə Şəms ilə Qəmər,
Hünərdə Rüstəmi-Zalın olaydım
***
Doyammadım çöhrəndəki naxışdan,
Sədəqə istədim oğrun baxışdan.
Yolum düşdü qayalıqdan, yoxuşdan
Düzənin olaydım, yalın olaydım.
***
Bilməm ömrü niyə vermişəm bada,
Dərdbilən yoxdursa, kim yetər dada?
Tale gəmisiylə üzüb dəryada
Sükanın olaydım, salın olaydım.
***
Dözəmmirəm sinəmdəki dağına,
Qonammıram bar verən budağına.
Zülfüqaram, dönüb gənclik çağıma
Dəymişin olaydım, kalın olaydım.
Mən
Biləsən nə qədər sənsizləmişəm,
Sanki bu dünyada tək, tənhayam mən.
Öz pünhan eşqimi çox gizləmişəm,
Rəvamı o eşqi indi yayam mən?
***
İstərəm göylərdən üzüm ulduzu,
Tər sinən üstünə düzüm ulduzu,
Qoy əvəz eyləyim özüm ulduzu
Baxıb camalına bəlkə doyam mən!
***
Elə alışıram, sönə bilmirəm,
Əhdi-ilqarımdan dönə bilmirəm.
Zülfüqar, bu qəlbi yenə bilmirəm,
Yer varmı çıxarıb onu qoyam mən?
Çatana kimi
Hicran qəlbə qondu, qəm qucağıma,
Ulduzum doğandan batana kimi.
Vaxtsız xəzan gəldi ömür bağına,
Tale kəməndini atana kimi.
***
Kiminə kef verdi, kiminə qəmi,
Yüklədi sinəmə dərdi-vərəmi.
Leysa yağdı, sel dağıtdı bərəmi,
Ovumu ovlayıb tutana kimi.
***
Zülfüqaram, düşdüm selə, axına,
Ürəyim tuş gəldi eşqin oxuna.
Gəlsə də, əzrayıl qoymam yaxına,
Ta əlin əlimə çatana kimi.
Müəllif: Zülfüqar Zülfüqarov