Qadin.NET / Qoy ölməsin ümidlər

Qoy ölməsin ümidlər

Qoy ölməsin ümidlər

Günəş batır, 
axşam olur
kədər doğur gecəmizə;
Səmada ulduz yerinə dərd görünür,
qəribədir;
qəmmi yağır gecəmizə..?!

Gecə üçün böyük dərddi;
başqasını isitməyə gedir günəş
Bu nə cılız məhəbbətdi,
gecəni tərk edir günəş...?!

Gecə eynən mənim kimi
qəmli, sakit, aram, səssiz
tənha, yalqız, 
qəribsəmiş
kövrək, hüzünlü, kimsəsiz.

Bəlkə bu üzdən sevirəm gecəni mən;
o da dərdli, mən də dərdli -
o da kefsiz, mən də kefsiz...

Zaman sabahı qovduqca
gecə zülmətə bürünür,
nə sirdirsə,
qaranlıqda Ulu varlıq
daha da aydın görünür.

Şamım yanır həzin-həzin
gecəm bitmir neçə gündür;
belə tez ərimə, 
ey şam!
Gecəm hələ çox uzundur...

Qoy ölməsin ümidlər

İnsan sadəcə inanmaq istəyir bəzən 
başını anasının dizinə yaslayıb məsələn,
xəfifcə gözünü yummaq və inanmaq;
başqa heçnə!

Pambıq tıxayır qulaqlarına
eşitmək istəmir acı həqiqətləri, yox,
lazım deyil,
canına qorxu dolmasın;
inanmaq istəyir bildiklərinin doğruluğuna,
gecə gündüz yalvarır: nə olar, ya Rəbb,
heç nə yalan olmasın!

Məsələn, 
doğrudan da yiyəsi olsun dünyanın deyillənlər kimi;
sahibsiz olmasın kainat.

Axirət dünyası, növbəti həyat...
demsinlər ki bir gün: 
indiyəcən bildikləriniz hamısı - şayiə, illüziya, mövhümat!

Qurd düşməsin bildiklərinə, istəyir insan
yeməsin içindən onu suallar, şübhələr
və daha nələr nələr...

İnanmaq istəyir insan, inanmaq:
nə olar, 
yalan olmasın zülmət gecələrin işıqlı səhər vədləri
indi işıqlanmasa da eybi yox, eybi yox
əsas, işıqlanacaq olsun haçansa
şirin vədlər verilsin yenə
dönə-dönə
artıq vaxtı yetməsin yalanların ifşasının;
deməsinlər ki, hər şey yalan idi,
deməsinlər ki, aldadırdıq sizi,
deməsinlər...
biz belə daha hüzurluyuq, bəlkə də heç yalan deyillər
qoy ümidlər ölməsin!

İlqar Kamil.

5 yanvar 2015
GO BACK