İnsan sadəcə inanmaq istəyir bəzən
Başını anasının dizinə yaslayıb məsələn,
Xəfifcə gözünü yummaq və inanmaq;
Başqa heç nə!
Pambıq tıxayır qulaqlarına,
Eşitmək istəmir acı həqiqətləri, yox,
Lazım deyil,
Canına qorxu dolmasın;
İnanmaq istəyir, bildiklərinin doğruluğuna,
Gecə-gündüz yalvarır: nə olar, ya Rəbb,
Heç nə yalan olmasın!
Məsələn,
Doğrudan da, yiyəsi olsun dünyanın deyilənlər kimi
Sahibsiz olmasın kainat.
Axirət dünyası, növbəti həyat...
Deməsinlər ki, bir gün:
İndiyəcən bildikləriniz hamısı-şayiə, illüziya, mövhümat!
Qurd düşməsin bildiklərinə, istəyir insan
Yeməsin içindən onu suallar, şübhələr
və daha nələr nələr...
İnanmaq istəyir insan, inanmaq:
Nə olar,
Yalan olmasın zülmət gecələrin işıqlı səhər vədləri
İndi işıqlanmasa da, eybi yox, eybi yox,
Əsas işıqlanacaq olsun haçansa.
Şirin vədlər verilsin yenə
dönə-dönə.
Artıq vaxtı yetməsin yalanların ifşasının,
Deməsinlər ki, hər şey yalan idi,
Deməsinlər ki, aldadırdıq sizi,
Deməsinlər...
Biz bildiklərimizlə daha hüzurluyuq, bəlkə də heç yalan deyillər.
Qoy ümidlər ölməsin!
Ey dilbərim, səndən bir şey ummuram,
Ürəyimin qəmin bilsən, bəsimdi.
Ömrüm boyu ağlamağa hazıram,
Bircə kərə baxıb gülsən, bəsimdi.
Demirəm ki, sevinc bəxş et gözümə,
Sənsiz axan yaşın silsən, bəsimdi.
Məlhəmini orda qoy ,gəl, razıyam,
Təkcə özün çıxıb gəlsən, bəsimdi.
Kamilin hər yanı olsun tikan–xar,
Sə olsun ki, sən ki, gülsən, bəsimdi.
Səni tərk etmək də olmur,
Tək qoyub getmək də olmur.
Neynirəmsə, əfv edirsən,
Bəzən incitmək də olmur...
Bu nə sevgidi, nə nifrət?!
Ağıl susqun, ürək həsrət.
Neyləmisən sən, ey afət,
Gözündən itmək də olmur!
Səni bölə də bilmirəm,
Sənə gələ də bilmirəm,
Sənsiz ölə də bilmirəm,
Cəm də olmur, tək də olmur!
Həyat çox səssizdi sənsiz,
Cəyallarım bezdi sənsiz.
Sənsiz çox qəlizdi, sənsiz,
Qəlbi öyrətmək də olmur.
Çarəm nədir ki?–qaşqabaq,
Xatirələri daşlamaq?!
Sənsiz yenidən başlamaq,
Sənsiz heç bitmək də olmur!
İlqar Kamil