Qadin.NET / Budur, sən və kainat

Budur, sən və kainat

 Budur, sən və kainat
Olur, sənə elə gəlir ki, bircə sənsən var olan,
Gerisi xəyal, illüziya, mövhümat;
Susqunlaşırsan.
Qarmağın daşa dəyib "göz edir" bu vaxt, sənsə
Elə bilirsən ki, balıqdır,
Sevinirsən.
Bax, belə yalançı ümidlərlə keçir ömür,
Tükənir həyat...
Budur, sən və kainat!
Nə üçündür, 
Nə üçünsən?
Ax, qəribim, ax 
 Bir-birindən qaranlıq olan iki yol ayrıcındasan;
Ölmək fərarilikdi,-belə öyrədib müəllimin-
Yaşamaq çətin;
Necə darıxmayasan axı burda
Gələnləri qarşılayıb
Gedənləri ötürməkdirsə, ən ali məşğuliyyətin
Baxırsan ki, 40 ilə yaxın bir boşluqda 
Yalnız bir həqiqət daim səninlə olub,
Qalanı 
Sənin uydurduğun yalanların!
Bəlkə də şüur məhz bunu dərk etməkçün verilib insana.
Ki, hesablayasan:
Gedənlərin daha çoxdu, yoxsa qalanların?
Bu nə hesabdı, aman Allah,
Gürzəylə qarşılaşan adamsayaq soyuq tər basır alnını
Əsirsən...
Budur, sən və kainat
Nə yaxşı ki, səcdən var, İlahi...
Tir-tir əsirsən
Əsirsən...
Astma xəstələrinin 
İnqalyasiya cihazına cumduğu kimi
 Səcdəyə tələsirsən...
Və bir gün çox sevdiyin dünyanı gizlicə 
Sahibinin masasına qoyub 
Ayaqlarını süründürə-süründürə gedirsən...
Bilsin də istəyirsən, 
Bilməsin də;
Ayrılıq qatarını gözləyən
Yağmura tutulmuş yolçu kimisən sən indi;
Gəlsin də istəyirsən,
Gəlməsin də...
Budur, sən və kainat
Yenə tənha, tək başına
Həsrətinlə alışıram.
Gözlərim səni axtarır,
Yoxluğunla barışıram...
Yenə qüssə, yenə kədər,
Yenə sənli xatirələr;
Yenə ta ki, sübhə qədər
Xəyalınla danışıram...
Yenə səssiz düşüncələr,
Yenə həsrət, yenə hüzün.
Yenə nəmli pəncərələr-
əks olunub qara gözün.
Yenə alov, yenə ocaq
Yenə soba səs-küy salıb.
Sənsizliyim sıcaq-sıcaq,
Ürəyimdə donub, qalıb.
Əlim sənə çatmasa da,
Xəyalına çatır əlim.
Röyalarda görüşürük,
Əllərini tutur əlim.
İlqar Kamil
19 dekabr 2014
GO BACK