Qadin.NET / Öləmmirəm

Öləmmirəm

 

Öləmmirəm

 

Gedirəm
Gedirəm, sən mənsiz qal, qoca dünya,
Bilməm niyə gəldim, niyə gedirəm?
Ömrümü eylədin dar vaca, dünya,
Elə dünya deyə-deyə gedirəm.


Yaşaya-yaşaya az vermədik can,
Yerdə qalmaz bu tökülən nahaq qan.
Dövran düzələcək, bilmirəm haçan?
Qanmazlara söyə-söyə gedirəm.


Min sualdan birinə yoxsa cavab
Bu qəmi-möhnətə kim gətirər tab?
Zülfüqar, dövranla qaldı haqq-hesab
Baş-gözümə döyə-döyə gedirəm.

 

Öləmmirəm

 

Yaraşır
Köhnəni geyindim, ay oğul, bu gün,
Dedilər, gör sənə necə yaraşır!
Qəlbimdən açıldı sanki bir düyün
Tənhalıq nadana, gicə yaraşır.


Sənsən havadarım, arxam, dayağım,
Zülmət qaranlıqda yanan mayağım.
Gözlərim görməyir, getmir ayağım,
Sənə gündüz, mənə gecə yaraşır.


Arxanca qürurla baxdım keçəndə
Üz tutdum şəhərə, söykəndim kəndə.
Zülfüqar, çox arzum var son bələnfə
Müdriklik, ağıl da gücə yaraşır.

 

Öləmmirəm
Olarmı

Açıq süfrə olsa insan ürəyi,
Aqili, nadanı seçmək olarmı?
Tapdayıb haqq-sanı, duzu, çörəyi
Ürək sirdaşından keçmək olarmı?

 


Dağ səfalı olmaz duman olmasa,
Yaxşı bilinərmi yaman olmasa?
İman sahibində iman olmasa,
Ondan şərbət alıb içmək olarmı?


Zülfüqar, hər şeyin var öz çəpəri,
Susuz dəyirmanın fırlanmaz pəri.
Yükləyib karvana ləli-gövhəri
Bu fani dünyadan köçmək olarmı?

Öləmmirəm


Öləmmirəm
Həsrət qaldım yaylaqlara,
Ömür düşdü boran, qara.
Badi-səba, yetir yara
Gözləməsin, gələmmirəm.

 


Artıq hey yoxdur canımda,
Qəm, qüssədir dərmanım da.
Dilənirlər dörd yanımda
Peşəm deyil, dilənmirəm.


Aqil ağlar, nadan gülər,
Dərd çəkənlər qəmdən ölər.
Bu dünyada olur nələr,
Dərk eyləyib biləmmirəm.


Yazıq gözüm nələr gördü,
Çox hicrana sinə gərdi.
Bəşər boyda belə dərdi
Heç kəs ilə böləmmirəm.


Zülfüqarı çəkdi dara
Qəlbi oldu para-para.
Bir ölümə qalıb çara,
Əcəl gəlmir, öləmmirəm.

Müəllif: Zülfüqar Zülfüqarov

27 noyabr 2014
GO BACK