Qadin.NET / Bəyaz qar üstünə qan yağacaqmış!

Bəyaz qar üstünə qan yağacaqmış!

     Getdi oğulların,qayıtmaq üçün


Nigaran gözlərin hey yol çəkirdi

Axır ki,qayıtdı övladın,Vətən!

Üzə vurmasan da bu sonsuz dərdi,

Yandin,gizli-gizli ağladın,Vətən!


Aldın qucağına,basdın bağrına,

Qürurla boylandın dağlara sarı.

Yüngül məlhəm oldu sonsuz ağrına,

Qoynuna alanda qəhrəmanları.


Bir-birindən igid,ərən oğullar

Yolunda canını verməyə hazır.

Düşdüyün əzabı görən oğullar,

Qanıyla adını qayaya yazır.


Yolun haqq yoludur,canımız qurban,

Neylirik vətəni biz dilim-dilim!?

Gəlirik ,gözləsin hər elin,oban

İçəcək suyundan quruyan dilim.


Getdi oğulların,qayıtmaq üçün!

Qanı bahasına qorudu səni!

Yaralı könlünü ayıltmaq üçün,

Sonuncu baxışda aradı səni.

07.11.2010 Brest


  Qığılcım ol,Vətən üçün alış sən



Kitab açıb,vərəqləsən keçmişi,

Tariximi Babəklərdən soruş sən!

Ağqoyunlu,Qızılbaşlar yetirmiş

Millətimin qılıncıyla döyüş sən!


Qılınc çaldı,tarix yazdı oğullar

Dastanları,kitab-kitab yığdılar

Qeyrətindən qorxdu,qaçdı yağılar!

Keçmişimlə qürur eylə,qovuş sən


Nüşabənin nəvəsiyik,unutma

Söz verdinsə,irəli dur,qayıtma

Geri qaçıb düşmənini oyatma

Qolun sınsa,baxışınla vuruş sən!


Tarix yazıb,bu qismətdir payımız.

Özgə üstə işıq salır ayımız.

Nalə çəkir torpağımız,suyumuz,

Gətirmə,gəl bu minvala duruş sən!


Doğradılar,tikə-tikə kəsdilər

Fırtına tək üstümüzə əsdilər

Bəsdir,qardaş,göz kor edən tüstülər

Qığılcım ol,Vətən üçün alış sən!


 12.11.2010.Brest

Bəyaz qar üstünə qan yağacaqmış!



 

                             Bəyaz qar üstünə qan yağacaqmış!

                     

                       Nə bilsin onsuz da  yuxusuz qalan

                       Ana son laylani çalır bu gecə.

                       Arzula,diləklə,xoş xəyallarla

                       Körpə balasıyla qalır bu gecə.

                                                  ***

                                  Nə bilsin o körpə, ana qoynunda

                                  Vətəndən vətənə pənah aparır.

                                  Axrıncı aşrımın son addımında

                                  Analı günləri bitir,qurtarır.

                                               ***

                      Nə bilsin o qoca, baba yurduna

                      Dünən ayaq basıb,çörək tapanlar               

                      Qanlı əlcəyini geyib bir səhər

                      Adi insaniığı atar,tapdalar.

                                               ***

                                  Nə bilsin ayazlı,ulduzlu gecə

                                  Bəyaz qar üstünə qan yağacaqdır.

                                  Dağların buzunu yuyub-əridən

                                  Bahar yox,odlanan min bir ocaqdır.

                                                ***

                       Nə bilsin yuxuya gedən qayalar

                       Səhəri açacaq ah-nalələrlə.

                       Günahsız körpəni qoruduğuyçün

                       Tək-tənha qalacaq min güllələrlə

                                                ***

                                   Nə bilsin uzağı yaxın eyləyən

                                   Aşrımlar,dolaylar,gizli cığırlar

                                   Azadlıq,qurtuluş,həyat yolunda

                                   Dönüb olacaqlar əbədi məzar.

 

                      Brest 24.02.2010 5:17

 

26 fevral 2011
GO BACK