Elə ki, vuruldum gül camalına,
Eşqini ömrümün mayağı sandım,
Yaxşı ki, yetirdim gözəl halına,
Onu bu sevdanın boyağı sandım.
Həyat coşğun dəniz, biz kiçik ada,
Tufan qərq eyləsə, kim yetər dada?
Dünya başdan-başa cənnət olsa da,
Sənsiz keçən ömrü bayağı sandım.
Tapdama sənsiz saf eşqi, saf məhəbbəti,
Bəlkə də beləymiş tale qisməti.
Şair Zülfüqarın eşqi, qisməti,
Səni yatmış bəxtin oyağı sandım
Ağladım
Gəldim ki, baş çəkim, ay gözəl pəri,
Qıfılı qapıda görüb ağladım.
Bilməm dəli oldum, ya ki, sərsəri,
Çəkib kənarda durub ağladım.
Murdar qonşuların pis nəzərləri,
Yüklədi sinəmə qəmi-kədəri.
Çəkdiyim əzabın yoxdu qədəri
Utanıb lap yerə girib ağladım.
Zülfüqaram ahım ucaldı göyə,
Özümü aldatdım bilmirəm niyə.
Gəldiyim yol ilə dönüb geriyə,
Öz qəm karvanımı sürüb ağladım.
Neyləyim
Bir zaman könlümü ovlayan pəri,
Etmədi dərdimə çarə, neyləyim?
Hər yada saldıqca keçən günləri,
Çəkir sinəm üstə yara, neyləyim?
Görən hara baxır ala gözləri,
Kimlərlə tutuşub söhbət-sözləri?
Ot basıb cığırı, itib izləri,
Yolun salıb uzaqlara neyləyim?
Kövrək ürəyimi döndərib daşa,
Ömür sona yetdi, az qalıb yaşa.
Zülfüqar, huş gedib, cəm olmur başa,
Olmuşam mən günü qara, neyləyim?
Dinlə məni
İnsaf eylə, bir yaxın gəl,
Bax, sinəmin yarasına.
Sən atdığın oxdu, gözəl,
Gör batıbdı harasına?
Huş dağılıb, yığammıram,
Göz yaşımı boğammıram.
İnan, sənsiz sığammıram,
Yerlə göyün arasına.
Nə yatdıq, nə yuxu görək,
Sevməyəydim səni gərək.
Paralanıb sevən ürək,
Tuş gəlirsən parasına.
Zülfüqara düçar oldun,
Qıfılına açar oldun.
Bağlı qoyub, qaçar oldun,
Çatammadı Sarasına.
Müəllif: Zülfüqar Zülfüqarov