Dərdlərə dərmanmış ana laylası
Yuxumun balıdır, könlümün sazı,
Qovur ürəyimdən dərdi, ayazı.
Əridir dünyamı donduran buzu,
Dərdlərə dərmanmış ana laylası,
Necə möhtəşəmmiş ana laylası.
Qəbrinin üstünə gedə bilmirəm,
İnanın, yanıram, hey hönkürürəm.
Bu zalım dünyaya qurban kəsərəm
Gəlsə qulağıma bir də sədası,
Nə şirin məlhəmmiş ana laylası.
Gözlərim axtarır körpələr kimi,
Kim bilər, dinləyər sızlayan simi?
Atardım dünyada hər işlərimi,
Bəs edər səsinin əks sədası
Qayadan möhkəmmiş ana laylası.
İnciyib yuxumu narahat etmir,
Gözüm önündədir, hey baxır ,getmir,
Səsi də zamanla ərimir, itmir.
Bu imiş dar gündə dayaq durası,
Özü bir ömürmüş ana laylası.
İlham İdrisoğlu, Avqust 2014, Yevlax . Köyük kəndi.
Ata
Birdən ürəyiniz istəsə məni,
Tozlu yollar ilə qaçan mənəm, mən.
Saçlarım ağarıb, alnım qırışıb?
Qanadlı quş kimi uçan mənəm, mən.
Xırda nar çubuğu xatirəmdədir,
Neçə qarğı atı çapıb yormuşam.
Bir içim su üçün yüyəni çəkib,
Özüm bulaq üstə halsız qalmışam.
Mən körpə olmuşam xoş arzularla,
Qələmi, dəftəri atıb bir yana.
Qaçmışam, qovmuşam xırdaca topu,
Uşaqlıq dünyamda hər səmtə, yana.
Elə süst düşərdik axşam gəlincə,
Atam sərçə kimi yığardı bizi.
Biri yatıb artıq, biri mürgülü,
Birinin gündüzdən cızılıb dizi.
Əlləri dəmirdi, bir qala idi,
Necə xoşbəxt idim, qorxusuz idim.
Yorunuq olsam da, düşüb böyrünə,
Dönəndə əlləri üstdə gəlirdim.
Neçə ulduzları yola salmışam,
Qırpıb gözlərimi gizlin, xəlvətcə.
Hardan biləydim ki, ata gözləri
Tutub bicliyimi yenə o gecə.
Qapıya çatınca itərdi yuxum,
Qaçardım əlindən hey gülə-gülə.
Ay ata, bilmirəm niyə xoş günü,
Tale qısa yazdı, həm gilə-gilə?
Avqust 2014.