Qadin.NET / Millətin dərdi

Millətin dərdi

 Millətin dərdi

Millətin dərdi
Dünya, bir üzün ağ, biri qaradı.
Düşübdü bəxtimə qarası mənim.
Qəlbimdə qövr edən köhnə yaradı,
Dərindi köksümün yarası mənim.


Ayaqlar altında əzilən də mən,
Torbaya tökülüb süzülən də mən.
Əlləri qardaşdan üzülən də mən,
Tapılmır dərdimin çarası mənim.


Ağırdı tənhalıq yadlar içində,

Adlarım itibdi adlar içində.
Qəlbim alovlanır odlar içində
Sönüb ocağımın çırası mənim.

25.01.1990 

Millətin dərdi

Qəfəs
Qəlblərə od salan bülbülün səsi,
Bilməm bağdan gəlir yoxsa qəfəsdən.
Necə yanıqlıdı hər bir kəlməsi
Görən qəmdən oxur, yoxsa həvəsdən?


Bəlkə qəfəsdədir, itirib gülü,
Bəstəkar, nota yaz, öyrənək onu.
Dinləyib qəfəsdə olan bülbülü,
Anlayaq qəfəsin nə olduğunu.


Gör necə tərsinə çevrilib dövran,
Heç yana çatmayır bu xalqın səsi.
Qəfəstək sərhədlər daralır yaman,
Dağıdaq bir yolluq o dar qəfəsi.

Millətin dərdi

Varmış
Mənim Cənnət kimi vətənim vardı,
Gör necə bölündü, necə dağıldı.
Özümü özümdən alıb apardı
Bu da əfsanəydi, bu da nağıldı.


Dinəni dilindən çəkdilər dara,
Gör kimin baş kəsən qulları varmış?
Qatdılar karlara və axsaqlara
Dünyanın nə ayrı yolları varmış.


Gah karvan sürdülər, gah yük tökdülər,
Bizi yaman imtahana çəkdilər.
Çoxları xəlvəti gödən sökdülər,
Dövranın çaqqallı kolları varmış.


Fikrini bilmədik bu əyanların,
Məsləksiz yaşayan ölü canların.
İşə bax, küçədə əl açanların
Sandıqda qızılı, dolları varmış.

1990

Müəllif: Zülfüqar Zülfüqarov

6 avqust 2014
GO BACK