Qadin.NET / Deyilmi

Deyilmi

Deyilmi

Sata bilməzsən
Fələk dar eyləsə geniş yolunu,
Gedib mənzilinə çata bilməzsən.
Şahmarın boynuna salsan qolunu,
Gecəni, gündüzü yata bilməzsən.


İtirsən həyatda olan izini,
Söndürərsən ocağının közünü.
Özgəsi yox, düşün özün özünü
Özündən kəsərək ata bilməzsən.


Ömür yolu gedər-gəlməz uğurdur,
Harda olsan, ağır otur, ağır dur.
Zülfüqar, dünyadan köçmək ağırdır,
Yoxdu müştərisi, sata bilməzsən.

1980

 Deyilmi

Səninkidir

Dəmir kimi zindanlarda döyülməm,

Döyə bilirsənsə, döy, səninkidir.

Qırıllam poladtək, heç vaxt əyilməm,

Əyə bilirsənsə, əy, səninkidir.

 

Halva demək ilə dad almaz damaq,

Qurddan çoban olmaz götürsə çomaq.

Gör neçə şalvara olmusan yamaq?

Saya bilirsənsə, say, səninkidir.

 

Aləm cənnət olar, çuğul olmasa,

Dövlət nəyə gərək ağıl olmasa?

Dünyanın işləri nağıl olmasa,

Qismətində olan pay səninkidir.

 

El gözü itidi, yayınmaq olmaz.

Samanın közünə qızınmaq olmaz.

Dəlidən ağıllı söz ummaq olmaz,

Zülfüqar, o qopan vay səninkidir? 

05.09.1992

 

Deyilmi

Qalıbdı

"Sürünü tərk edir qocalan fillər,

Sirrini özgəyə verməmək üçün.

Solanda zibilə qatılır güllər

Vəfasız gözəli görməmək üçün."


Qartal qayasında, ceyran düzündə,

Yamacda neçə min izin qalıbdı.

Hicrana çevrilib səbr, dözüm də,

Çeşmələr gözündə gözüm qalıbdı.

 

Göllərdə görünmür sular sonası,

Bala mələr qalıb, ölüb anası.

Haqqın, ədalətin yoxdu binası

Nə odum, ocağım, közüm qalıbdı.

 

Ömür qışdı, soyuq kəsir bədəni,

Sorammıram nə gələni, gedəni.

Fələk çox imtahan eylədi məni,

Zülfüqar, döz, sənə dözüm qalıbdı.

25.10.1990

Deyilmi

Deyilmi

Sən ağlama, dəli könül,

Mən ağlasam, bəs deyilmi?

Sinən ilə seli, könül,

Saxlamaq əbəs deyilmi?

 

Yaxşı günə yox gümanım,

Boşa çıxdı çox gümanım.

De, nə var ki, yaxşı sanım?

Bu həyat qəfəs deyilmi?

 

Kim aqildi, kimi axmaq,

Gör kimlərdi kimə çaxmaq.

Yazıq-yazıq durub baxmaq

Bir quru həvəs deyilmi?

 

Zülfüqar, səni sayanı

Sərrafı ol, yaxşı tanı.

Kim tutub qalıb cahanı?

Görməyən şikəst deyilmi?

Müəllif: Zülfüqar Zülfüqarov

29 iyul 2014
GO BACK