Qadin.NET / Gözlə sən

Gözlə sən

Gözlə sən

Bənzəyir

Gah dolub, gah da ki, boşalan dünya

Enişli, yoxuşlu yola bənzəyir.

Cəlladtək ürəyi daş olan dünya,

Qayalar uçuran selə bənzəyir.

 

İnsan var, həyatda xoş günlər görür.

İnsan var, qəm, hicran karvanı sürür.

Kim ölür, kimisi dünyaya gəlir,

Ömür də dövr edən ilə bənzəyir.

 

Bu fani dünyanın boran, qarı var,

Tərlan oylağında yatan sarı var.

Qəm adlı keçilməz daş hasarı var,

İki quyruqludu, filə bənzəyir.

 

Zülfüqaram, yandım, sönə bilmədim.

Karvanım köç etdi, dönə bilmədim.

Nə də haray salıb dinə bilmədim,

Kəm bəxtim lal olmuş dilə bənzəyir.

 

Gözlə sən

 

 

 Gözlə sən

Ovun əldən gedər, bərən boş qalar,

Tərlan oylağında sarı gözləsən.

Ərənlər dövrəndə yurd, yuva salar,

Namusu, qeyrəti, arı gözləsən.

 

Nadanın, nakəsin yurdu dağılar,

Çeşmələri susuzlaşar, soğular.

Üzəmməyən dayazda da boğular,

Qəvvaz olub gur axarı gözlə sən.

 

Xoş arzu, diləyin axsa qanından,

Çəkdiyibən əzablar çıxar canından.

Bezməzsən ömürün heç bir anından

Bağbantək bağ salıb barı gözləsən.

 

Zülfüqar, kimlərə sinəni gərdin,

Sel getdi, yerindən qəm, hicran dərdin.

İnan ki, hər işin sonun görərdin

Baxmasan çox şeyə, yarı gözlə sən.

 

Gözlə sən

 

Qorxulu düymələr

"1961-ci ildə N.S.Xruşovla ABŞ-ın prezidenti

Kennedinin mübahisələri az qala ki,

atom silahlara əl atmaqla gətirib

dünya müharibəsinə çıxarmışdı.

O münasibətlə yazılıb."

Dünyanın özütək böyük dərdi var.

Onun dərdlərini düşünən varmı?

Bir deyin, ay müdrik, aqil insanlar,

Gözəl təbiətə qıymaq olarmı?

 

Deyin, kimə gərək bu ahı-vaylar?

Yoldan azanları yola gətirin.

Hansı bir barmaqsa düyməni basar,

Qorxunc düymələri tamam götürün.

 

Qırmayın qeybətin sözdə dünyanın,

Ağlayan da bizik, gülən də bizik.

Bu dünya bizimdi, biz də dünyanın

Yaşayıb, ömr edib, ölən də bizik.

Müəllif: Zülfüqarov Zülfüqar

27 iyul 2014
GO BACK