"Qəm ağırdı, diri gözlü əcəldi,
Məni niyə bərəsinə bağladı?
Leysan yağdı, qaya uçdu, sel gəldi,
Taleyimi dərəsinə bağladı!"
Seyrə çıxammadım Kür qırağına,
Yaşılbaş sonalar köçüb dedilər.
Kərəmtək düşdükcə yar sorağına
Gəncliyin karvanı keçib, dedilər.
Yaş ötüb, heç yanda çəkilmir adım,
Ağlasam, qınarlar qohumum, yadım.
Ərşə dayansa da, ahım, fəryadım,
Durna keçəlini seçib, dedilər.
Damla-damla axıb hicran sel oldu,
Üstümdən karvanlar keçdi, yol oldu.
Zülfüqar, hər günün dönüb il oldu,
Fələk ömrü, günü biçib dedilər.
Ey tar
Ya şadlığım olsa, ya da ki, qəmim
Onu bir səninlə bölürəm, ey tar.
Qəmli günlərimdə sənsən həmdəmim,
Səninlə ağlayıb gülürəm, ey tar.
Elə ki, zillərin keçdi bəminə,
Dünyanı yükləsəm, sığır gəminə.
Barmaqlar dəyən sarı siminə,
Dözməyib göz yaşım silirəm, ey tar.
Səsin qarışanda kaman səsinə,
Ürək sığışmayır öz qəfəsinə.
Çatsan Zülfüqarın son nəfəsinə
Bil ki, laylan ilə ölürəm, ey tar.
Bilməzsən
Yalanı, böhtanı yazıb kağıza,
Zibil etsən, bil, süpürə bilməzsən.
Kal armudu əzib alsan ağıza,
Nə udquna, nə tüpürə bilməzsən.
Qanmazların qulaqları kar olar.
Özü cılız, düşüncəsi dar olar.
Naşı olsan, ovçuluqda ar olar,
Düşdün izə, ya ləpirə, bilməzsən.
Ömrün sayğacını dövran ilə qur.
Pis işlərə əl uzatma, geri dur.
Zülfüqar, ac torpaq hamını udur,
Dərd eyləsən, tək götürə bilməzsən.
Müəllif: Zülfüqar Zülfüqarov