Qəlbimin səsi
Nəsibim olmayıb ata sözünü,
Ömrümdə dilimə gətirməmişəm.
Gördükcə saldığı gözəl izini,
Sanıram atamı itirməmişəm.
Öz əqlim əlim olubdu çıraq,
Həm pisdən, yaxşıdan tutmuşam soraq.
Aqil insanlardan mən dərs alaraq,
Nadandan nəsihət götürməmişəm.
Zatına layiqdi hər kəsin adı,
Seçmədim qohumu, tanışı, yadı.
Niyə arzularım mənim olmadı?
Mən ki, qanqal əkib bitirməmişəm.
Adım Zülfüqardı, bəllidi könlüm,
İnanma büdrəyim, əyilim, çöküm.
Halaldı bazarım, gövhərdi yüküm,
Əl atıb haramı götürməmişəm.
Yaşanmış ömür
Ömrün yarpaqları yaman saralıb,
Külək əsməsə də, töküləcəkdir.
Qocalıq əbası nə günə qalıb?
Bircə sapın çəksən, söküləcəkdi.
Başa qaxınc olduq, ömürə yamaq,
Mümkünmü günahı günahla yumaq?
Yağı qurtarıbsa, neyləsin çıraq,
Get-gedə şöləsi çəkiləcəkdir.
O ki, geri alır verdiyi canı,
Nəyimı gərəkdi şöhrəti, şanı.
İnsan dərk edin sirli cahanı,
Zəmisi biçilib əkiləcəkdi.
Zülfüqar, arzu, kam yetməyir sona,
Hər addım dəyişir, baş qoşma ona.
Ömür dedikləri möhtəşəm bina
Vaxt tamam olanda söküləcəkdir.
Olur
Yaxşı, yaman üzbəüzə gələndə,
Pis işlərin səbəbkarı xar olur.
Tutduğu işləri hamı biləndə
Dil topuq çalsa da, qulaq kar olur.
Tərlan könül zirvələrə ucalar,
Aqil olan müdrikləşər, qocalar.
Qurum basar, çəkməz əyri bacalar,
Xarabalar bayquşlara yar olur.
İnsan var, ölsə də, xəyala gəlir,
Onları yad edən ürək dincəlir.
Nadan öləndə də nadantək ölür,
Gedən gedir, qalanlara ar olur.
Öyüd götür, etdiyini ara sən,
Xeyir, şərdən uzaq qaçma yara sən.
Yaxşı ol ki, yaxşılıq da görəsən,
Bar verən ağacda meyvə bar olur.
Zülfüqar, ayıq ol, düşmə kəməndə,
Dərd var ki, zərbinə dözməyir bəndə.
Qurdlar ova çıxır dumanda, çəndə,
Gizli iş tutanlar canavar olur.
Müəllif: Zülfüqarov Zülfüqar