Qadin.NET / Məni

Məni

Məni

Eşitmir

Aman Allah, qoru bizi bəladan,

Ata-oğul bir-birini eşitmir.

Görən hara gedir bu qanlı karvan?

Dəli Araz öz Kürünü eşitmir.

 

Tale küsər, qismətini gəc eylər,

Bel bükülər, ömür vaxtsız köç eylər.

Yerli, yersiz kişisini gic eylər,

Arvadlar da öz ərini eşitmir.

 

Zülfüqar, ölübdü nazı gözəlin,

Yoxdu dürlü-dürlü sözü gözəlin.

Gör necə dönüb ki, üzü gözəlin,

Nə xeyrini, nə şərini eşitmir.

Məni

Dünyada

"İşığı zülmətə, ömrü röyaya,

Çeşməni kölməyə dəyişmək olmaz!

Küllüyü bağçaya, bağı səhraya,

Düyünü ilməyə dəyişmək olmaz!"

 

Qəm yükü ağırdı, çəkə bilmirəm,

Günü-gündən artıb, çağlar dünyada.

Uçub könlüm evi, tikə bilmirəm,

Bu fələk gör kimi dağlar dünyada?

 

Bilmədim ki, kimlər məni çeynədi,

Yaralarım göz-göz oldu göynədi.

Tale gördüm, saplanmamış iynədi,

Kimlər gülər, kimlər ağlar dünyada?

 

Xəyal gəzdi gah dağı, gah aranı,

Açıq-aşkar gördüm ağı, qaranı.

Zülfüqar, qövr edən belə yaranı,

Kimlər məlhəm qoyub bağlar dünyada?

   01.04.1997

 

Məni

Məni

Gəriləndə könül simi,

Tapılmadı duyan məni.

Səsinə qatdım səsimi,

Ağlatdı uyuyan məni.

 

Yandırdılar kömür kimi,

Əritdilər dəmir kimi.

Oxlov ilə xəmir kimi,

Gör kimlərdi yayan məni.

 

İstədim dəryada üzəm,

Qəfil suda sındı kuzəm.

Dağlara üz tutdum bu dəm,

Çaldı ilan-çayan məni.

 

Qopdu qəlbimin harayı,

Uçdu möhtəşəm sarayı.

Sadəliyin budu payı,

Kimdi indi sayan məni?

 

Parıltıma kor oldular,

Külüm düşdü, qor oldular.

Çevrilib nankor oldular,

Qalmadı ovlayan məni.

 

Becərdiyim vermədi bar,

Gen dünyamı eylədi dar.

Dövran dəyişdi, Zülfüqar,

Tez unutdu doyan məni.

Müəllif: Zülfüqar Zülfüqarov

25 iyul 2014
GO BACK