Yohan Volfgang Hötenin yaradıcılığından nümunələr
Yolçunun mətanəti
Bax ərzi bürüyən alçaqlığa sən,
Necə yaxılmasın baxıb gözlərin.
Səni də istila eyləyən gücdən,
Bir qurtar yaxanı varsa hünərin.
Böhranı içində kəsif əxlaqın,
Kim ki saflığını qoruya bilir
Ədalət var ikən şər gəlməz yaxın
Faydalı qisməti üzünə gülür.
Hər şeyin kökünü qurudan əzab
Hər yeri qatarkən toza, dumana.
Məlunlar uydurub bağlasa kitab
Ey yolçu! Səbr eylə, düşmə gümana.
Dünyanı yaşamaq istəyən, onun
Duyub yoxluğunu xəyala dalar.
Baxar sola, sağa, görünməz sonu,
Gedər, gedə bilməz, yollarda qalar.
Çəkdiyin zəhmətin, gözəl niyyətin,
Su tək ötən ömrə baxıb ah çəkməz.
Üstəlik nəydisə məhrumiyyəti
Təzədən özünə qaytarmaq istər.
Özündən razılar heç nəyə yetməz,
Bitməz o məkrli əməlindəki.
Yaxşı iş görən kəs yamanlıq etməz,
Yaxşılıq qalacaq yaxşılıq təki.
Dəlilik etməyin ey divanələr,
Buraxın bu zövqü, bu əyləncəni.
O kəs ki, özünü alim zənn elər,
Hərzə sözləriylə bezdirər səni.
Hər ağızdan çıxan sözə inanma,
İnanma hər sözün doğruluğuna.
Bu bir rəvayətdi, bir mifdi, amma
Xam xəyal doğurur əvvəldən sona.
Olsan da əvvəldən onun lehinə
Öncə önəmlidi müraciəti.
Önündə farağat durarsan, yenə
İstifadə etməz ağlınca, qəti...
İstər ya fransız, ingilis olsun,
İstər ya ola alman, italiyalı.
İstəməz umduğu nəsnə pis olsun,
İzzəti nəfsinə yaxşı olmalı.
Bu yolda hər işə sinə gərsələr,
Dirəniş hədərdi, tənzim hədərdi.
Bu gün kişilərə fürsət versələr
Özünü harada isbat edərdi.
Mövqeyi, məramı itənlər bu gün
Heç nədən nəyəsə olubsa nail.
Bu hüsnü- niyyətə sahiblik üçün
Dostlara yetişib olacaq qail.
Üç min illik dövrün hesabatını,
Özünə verməyi bacarmayanlar,
Puç edər günbəgün öz həyatını
Zülmət və cəhalət içində qalar.
Hafizə
Ərz etmək nə lazım, ruhlu güruhlar,
Yaşar hər nisgili mayası təmiz
Yetər ərşə qalxan amanlar, ahlar
Cahillər içində çəkdiklərimiz.
Ortada bu qədər iztirab varsa,
Kim qalxıb yerindən kəc baxar ona.
Dərd çoxdu, birinin boynu qırılsa,
O an bir başqası çıxar qarşına.
Ahəstə-ahəstə sallanan o sərv,
O sirli gözləri çəkər özünə.
Ustadın önündə titrəyib əsər
Üzürlü cürəti dillənər yenə.
Dolanar kökləri sərv ağacından,
Tellənər torpağın nəvazişiylə.
Dağı təpə-təpə salamlar duman
Ötər Şərqə məxsus sevgi işiylə.
Mehlə dalğalanır qəhvəyi saçlar,
Yel əsir düşüncə bazarımızda.
Məni nə eşidən, nə də duyan var
Dərdləşim təkliklə öz aramızda.
Sənin də üzün ağ, alnın açıqdı,
Bu halın ruhumu fərəhləndirər.
Könlümü haçan ki, dərd-sər sıxdı,
Nəşəli bir şeir, söz dilləndirir.
O süst dodaqlarda sevinclə ötən
Fikir ver hər sözə, hər bir kəlməyə.
Çırpınır qırılmaz zəncirlərindən
Səni birdəfəlik azad etməyə...
Elə ki, qovuşar könül könülə,
Rayihə yayılar bu səadətdən.
Bir də çətin düşər o dəmlər ələ
Aradan ötüşər tez-tez duman, çən
İçində alışıb qovrulan zaman
Baxarsan kükrəyib coşan saqiyə.
Əlini badəyə uzatdığın an
Dolanar dövrəni söz deyə-deyə.
Çırpınar ürəyi, parlar gözləri,
Bəlli ki, hər sözdən bir hikmət umar.
Coşdurar ruhunu şərabın pəri,
Unutma sənə də qulaq asan var.
Əngin bir aləmin pərdəsi sınar,
Boylanar yer-yerdən köksü nəhənglər.
Bir nizam çəkilər iç dünyasına
Hər qoca çevrilib bir gəncə dönər.
Qəlbin və dünyanın sirləri ulu,
Odur bu aləmi yerbəyer edən.
Bir bax, hardan keçir tərəqqi yolu
Sevgidən, sevgidən, bir də sevgidən.
Amma sən kamil ol, belədi həyat,
Dünyanın sərvəti bitməyib nədən.
Şah ilə vəzirə bir sözlə anlat,
Altun xərclənməmiş o xəzinədən...
Nəğmə söyləyərsən, həmin nəğməni,
Sabah da eyni cür söyləyəcəksən.
Cahillər içindən çıxarıb səni,
Həyata qaytaran dostlara əhsən...
Ələkbər Qubatov