İlk məhəbbət
Mən sənin birinci məhəbbətindim,
Bahara qovuşuq, yaza qovuşuq.
Bir şirin sevdalı sözə qovuşuq,
Bəxtinə açılan səadətindim.
Ömürlər baharlı, ömürlər qışlı,
Kövrək budaqlarda açan yarpaqdım.
Könlü məhəbbətli, könlü təlaşlı,
Vüsalçın çağlayan ayna bulaqdım.
Yanan ulduzlardan qoşa güləni,
Taleyə güləni, yaşa güləni.
Biri sənin idi, birisi mənim,
Xatirə çələngli, güllü çəmənim!
Mən sənin min bahar hərarətindim,
Taledə birinci məhəbbətindim.
Ötüşüb o anlar, keçib o illər,
Xatirəm dil açıb danışır indi.
Sevgi bulağından içib o illər,
Yanan ürəyimdə alışır indi.
İndi bahar ötüb, yazın keçibdir,
Tale öz donunu yaman biçibdir.
Gənclik çağımdan təravətindim,
Heç vaxt unudulmaz məhəbbətindim.
Ürəyim
Ürəyim bir təmiz uşağa bənzər,
Haqsız hökmlərə dözə bilmirəm.
Qəlbimə yatanlar qəlbimdə gəzər,
Qəlbə yatmayanla gəzə bilmirəm.
Qəlbimə çatası nizə sözləri,
Tikan sözlülərə taxa bilmirəm.
Min hiylə hökmüylə xain gözləri,
Nikbin gözlərimlə yaxa bilmirəm.
Səbrlə ürəyim kamına çatır,
Bir yaxşı önündə min baş əyirəm.
Sevgisi qəlbimin başında yatır,
Daima yaxşını əzizləyirəm.
Niyə
Məni oda saldın, alovda yaxdın,
Eşqimin gözünə baxmadın, niyə?
Hərdən də şimşəktək qəlbimdə çaxdın,
Sinəmə bir çiçək taxmadın, niyə?
Sevgi yollarında yeltək əsmədim,
Səndən incimədim, səndən küsmədim.
Əlimi əlindən heç vaxt üzmədim,
Qəlbimə bulaqtək axmadın, niyə?
Axtarıram
Gözəlin gözündə təmiz məhəbbət,
Axtarıram, nifrət axtarmıram mən.
Sönməyən eşqinə sonsuz sədaqət,
Axtarıram, xiffət axtarmıram mən.
Dünyaya səs salan xoşbəxt bir həyat,
Daim uça bilən, azad bir qanad.
İnsanı yaşadan gözəl bir murad,
Axtarıram, şöhrət axtarmıram mən.
Yaranan yaşayar ömrü bir dəfə,
Gərək yol verməsin həyatda səhvə.
Şirin, mehribanlıq sevənə tövhə,
Axtarıram, ziynət axtarmıram mən.
Səni sevəndən
Sevgi nədi, indi duydum,
Xoş xəyala dalıb uydum.
Canımı bu yolda qoydum,
Səni sevəndən, əzizim.
Oldum odlara pərvanə,
Təkdim, qoşuldum karvanə.
Eşqdə sayıldım divanə,
Səni sevəndən, əzizim.
Həsədlə göründüm gözdə,
Gəzmədim mənasız sözdə.
Bəslədim gül-çiçək düzdə,
Səni sevəndən, əzizim.
Yorulmadan yollar yordum,
Qəlbdə sevgi evi qurdum.
Eşq yolunda mayak durdum,
Səni sevəndən, əzizim!
Müəllif: Rafiq Məhərrəmli