Yazıram
Qürbətdə Vətənə gedən naməni,
Damarımdan axan qanla yazıram.
Könlüm arzulayır, qardaşım, səni,
Qəlbimdən keçəni dinlə, yazıram.
Fələyin hökmünə nə demək olar,
Hərdən baharda da o yağdırır qar.
Ovsuz ovçu kimi qəlbim qan ağlar,
Ömrümü bəd ayla, günlə yazıram.
Həyatım parlayıb, gül kimi soldu,
Bu dövran gözümdə oyuncaq oldu.
Keçmişi yad etdim, gözlərim doldu.
Nə olar, bir məni dinlə, yazıram.
Saça dən düşübdü, qəlbimə ləkə,
Ürəyim xəstədi, dözmür qəm çəkə.
Qardaşım, mən səni görmədim bəlkə,
İstər nəsihət ver, danla, yazıram.
Bilməm nə bəd gündə yaranmışam mən,
Bircə yol görmədim qəlbimi gülən.
Zülfüqar, bəxtim də küsübdü məndən,
Qalıb qəmi-hicran mənlə, yazıram.
1964
Ana təbiət
Dünyaya vəfasız, fani deməyin,
Hər şeyi dən bilib üyüdür zaman.
Haramı halala qatıb yeməyin,
Onsuz da hamını böyüdür zaman.
Ana təbiətdə görün nələr var,
Qarlı zirvələri, düzü gözəldi.
Saymaqla qurtarmır buzlu bulaqlar,
Əyil gözündən iç, gözü gözəldi.
Lalə, bənövşəli, nərgizli bahar,
Düzlərə nə gözəl xalı səribdi.
Gözləyir, hardadı əziz qonaqlar,
Təbiət insana nə verməyibdi?
Duman yavaş-yavaş qalxır dərədən,
Ana laylasıdı suların səsi.
Zirvələr aşaraq keçdim bərədən,
Tərlan qanadlıdı insan həvəsi.
Çeşmələr birləşib coşqun çay olur.
Torpağa can verir, insana həyat.
Nəyi var hamıya töhvə, pay olur,
Öz bol nemətilə gülür Kainat.
Döndü, nə döndü
Yavanlıq çörəyi əvəz eylədi,
Çörək yavanlığa döndü, nə döndü.
Ulaqlar cıdırda sözün söylədi,
Köhlənin həvəsi söndü, nə söndü.
Şapkası olmayan "şapka" istədi,
Rüşvət verənlərə hörmət bəslədi.
Gör kimlər əl edib kimi səslədi,
Göydən əjdəhalar endi, nə endi.
Alçaqlar neçə min hiylə yaratdı,
Taleyin ipini kimə uzatdı.
Varlılar qul deyə kasıbı satdı,
Fələkləri külə döndü, nə döndü.
Heç kimsə dünyanın sirrini bilməz,
Ələklə ələsək, araya gəlməz.
Ürəyi dərdlinin gözləri gülməz,
Kasıbın çırağı söndü, nə söndü.
Zülfüqar, inanma hiylə, yalana,
Qoyma könlün evi uça, talana.
Rəhm eylə, əl uzat geri qalana,
Gedənlər xəyala döndü, nə döndü.
1990
Müəlllif: Zülfüqar Zülfüqarov