Zəmanə
Ömrümün qışında damarda qanla,
Acı zəhər olub, axdı zəmanə.
Bir yolluq ayrıldım gözəl dövranla,
Zəfər bayrağını taxdı zəmanə.
Talandı dövlətim, əridi canım,
İynə ildızından keçdi karvanım.
De, necə gizlədim, de, necə danım?
Bir mənə çəpəki baxdı zəmanə.
Hey düz çəkdim, fələk əyri iz saldı,
Hər yandan dövrəmi yalquzaq aldı.
Deməyin Zülfüqar vaxtsız qocaldı,
Çaxmaqtək çox məni çaxdı zəmanə.
Tənhalıq
Qar yağdı, məhv etdi gülü, çəməni,
Bircə sən gül açdın arzularımda.
Ömrün hər anında axtardım səni,
Xatirəyə döndü arzularım da.
Gəzdim sorağınla cahan mülkünü,
Heç kəsi həyatdan razı görmədim.
Ömrüm boyu daşıdım qəm yükünü,
Həyatım qış oldu, yazı görmədim.
Mən səni axtardım zirvələrimdə,
Narahat həyatın hökmünə bir bax.
Əridi, yox oldu zirvələrim də
Sənsiz bir təpəyəm, təpəyəm ancaq.
Söyüd ağacına barsız deyərdim,
Öz ömür bağlarım bar verməz oldu.
Ən uca dağlara söylədim dərdim,
Dağlar da əriyib görünməz oldu.
Zülfüqar, saralıb yenə çöl, çəmən,
Dünən açan güllər bu gün solubdu.
Sanki tək qalmışam taleyimlə mən,
Tənhalıq bəxtimə qismət olubdu.
Yazıq
Gövhər bazarında ayran satılmaz,
Turşumuş ayranı satana yazıq.
Bərədə ov yoxsa, güllə atılmaz.
Gülləni havayı atana yazıq.
Bilməsən qiymətin ucuz, bahanın,
Qəbirdən dar olar geniş cahanın.
Düşüb arxasınca bir əjdəhanın
Ona addım-addım çatana yazıq.
Əslini, nəslini salmayan yada,
Çağırsan, hay verib gəlməz imdada.
Sahildən uzaqda, coşqun dəryada
Gəmisi qərq olub batana yazıq.
Zülfüqar, gedən gün geriyə dönməz.
Kim yaxşı çatıbsa, ocağı sönməz.
Nə arzu, nə xəyal gözə görünməz,
Qəlbində kin, küdurət yatana yazıq.
İndən belə
Gördüyüm xoş günlər arxada qaldı,
Olubdu həyatım zay indən belə,
Ömrümün gülləri yaman saraldı,
Nə lazım yaz, payız, yay indən belə.
Qəlbimdə alınmaz qalalar qurdum,
Ovçutək daima bərədə durdum.
Səhərin mehindən ovumu sordum,
Dedi, yoxdu sənə pay indən belə.
Kimi oturtdumsa, süfrə başında,
Silindim, qalmadım mən yaddaşında.
Duzsuz imiş çörəyim də, aşım da,
Verən yox hayıma hay indən belə.
Gör kimlərlə ömrü başa haxladım,
Hicran yükün sinəm üstə saxladım.
Bu dünyanın vəfasını yoxladım,
Yaşamaq istəməm day indən belə.
Köçəri quş olub getdi cavanlıq,
Hicranla axıra yetdi cavanlıq.
Zülfüqar, öyünmə itdi cavanlıq,
Ömründən günləri say indən belə.
Müəllif: Zülfüqarov Zülfüqar