Qadin.NET / Qalx ayağa, Azərbaycan!

Qalx ayağa, Azərbaycan!

Qalx ayağa, Azərbaycan!

Qalx ayağa, Azərbaycan!

 

Viran qalmış bağlarına baxan yoxdur,

Buz bulaqlı yaylağına çıxan yoxdur.

Zindandasan, daş divarı yıxan yoxdur,

Qolu bağlı məhbus kimi gəl, vermə can

Ayağa qalx, qalx ayağa, Azərbaycan!

 

Əsrlərlə əzilmisən, süzülmüsən,

Talan olub, parçalanıb üzülmüsən.

İnləyirsən min ilmi sən, yüz ilmi sən?

Yaraların hey göynəyib axıdır qan,

Ayağa qalx, qalx ayağa, Azərbaycan!

 

Nərə çəkib yeri qopar məhvərindən,

Gücünü al babaların gövhərindən.

Unutma ki, Koroğlusan ya Nəbisən,

Əz düşməni, cavab olsun qoy qana-qan

Ayağa qalx, qalx ayağa, Azərbaycan!

 

De, nə vaxtdan yadlar sənə həyan olub?

Dərdin aşıb bu dünyaya bəyan olub.

Bir gör kimlər dərimizi soyan olub,

 Saxla tarixin təkərin, doğmasın dan

Ayağa qalx, qalx ayağa, Azərbaycan!

 

Yer göstərdin, çağrılmamış qonaqlara,

Buğda verdin dolduraraq çanaqlara.

İndi tüpür padoş olmuş yanaqlara,

Zəhərlidir, uzaq dolan ilanlardan

Ayağa qalx, qalx ayağa, Azərbaycan!

 

Gəl, tarixi varaqlayaq, tam arayaq,

İki qardaş bir-birinə olsun dayaq.

Dostları dost, düşmənləri düşmən sayaq,

Cənub, şimal bir ürəkdir, bir iki can

Ayağa qalx, qalx ayağa, Azərbaycan!

               25. 01. 1990

Qalx ayağa, Azərbaycan!

O tay, bu tay

Ahımdan yarandı tarım, kamanım,

Kaman o taydadı, tarım bu tayda.

Tən bölündüm, Arazdı axan qanım,

Yarım o taydadı, yarım bu tayda.

 

Gör kimlər sinəmə çarpaz dağ çəkdi,

Araz sahilinə qəm, hicran əkdi?

Damarda qanımtək mənə gərəkdi,

Namusum o tayda, arım bu tayda.

 

Qalx, ulu millətim, titrəsin bəşər,

Üz-üzə dayansın xeyir ilə şər.

İnanma, bir qüvə saxlaya bilər,

Əriyib sel olsa, qarım bu tayda.

 

Zülfüqar, keçilən bu son bərəndi,

Qaldırın ayağa şəhəri, kəndi.

Nəhəng bir ağacam, bar verdim indi,

Budağım o tayda, barım bu tayda.

      1990

Qalx ayağa, Azərbaycan!

 

Dedi

1994-cü il cəbhə bölgəsi,

777 saylı hərb hissə,

Arazboyu Dilaqarda kəndi, Füzuli rayonu.

Övladları yola salan analar,

Dalınca su səpib uğurlar dedi.

Çırpınıb göllərdə üzən sonalar,

Analar mərd oğul doğurlar dedi.

 

Pambıqla baş kəsir ara qatanlar,

Mərmərdən ev tikir torpaq satanlar.

Kölgəyə çəkilib rahat yatanlar,

Tülkülər aslanı boğurlar dedi.

 

Vətən adlı bir anaya gərəksiz,

Mümkündürmü can yaşaya ürəksiz?

Haqq yol birdi, anlayasız gərək siz,

Atalar çox olur çığırlar, dedi.

Müəllif: Zülfüqarov Zülfüqar 

30 iyun 2014
GO BACK