Nə lazım?
Can verib həyatdan köçən insana,
Çəpəki baxaraq gülmək nə lazım?
Dərdini hər kəsə açan insana
Dünyanın sirrini bilmək nə lazım?
Hansı canlı çəkir insan çəkəni,
Heç kəs tikə bilməz fələk sökəni.
Əsli olan yeməz haram tikəni,
Günahı günahla silmək nə lazım?
Zülfüqar, seçilmir ömür röyadan,
Yolu düzgün yeri, uçma qayadan.
Tapılsa min illik ölü oyadan,
Yenidən dünyaya gəlmək nə lazım?
01.01.1991
Ölməmiş
Ulu Tanrı hələ dəymə canıma,
Dərdimi, qəmimi yazım ölməmiş.
O dünyada kim gələcək yanıma?
Səslənsin söhbətim, sazım ölməmiş.
Hanı qiymət verən gədaya, şaha,
Kimlər saray tikir, gör kimlər kaha?
Ümüd qalmasa da, gələn sabaha
İstəməm çox şeyi yozum ölməmiş.
Taleyim gör məni gətirdi hara,
Min təbib yığışsa, edəmməz çara.
Həsrətin çəkdiyim doğma diyara
Gedib məzarımı qazım ölməmiş.
Olub keçənləri saldıqca yada,
Ürəyim dözməyir aha, fəryada.
Zülfüqaram, bir qəvvazam dəryada
İnanma yolumu azım, ölməmiş.
6.10.1990
Son qazancım
Çək-çevir eylədim ömrün qışında,
Günahım dünyaya gəlməyim imiş.
Xoş günüm, sən demə, uşaq yaşımda
Səbəbsiz ağlayıb gülməyim imiş.
Gecəli-gündüzlü yuxusuz qaldım.
Həyat dəryasından dərsimi aldım.
Dövran döndü, nadanlığa alçaldım,
Diriykən bu mənim ölməyim imiş.
Düşdüm burulğana, selə, axına,
Görmədim bir kimsə gəlsin yaxına.
Hədəf olmağım da namərd oxuna,
Hamını özümtək bilməyim imiş.
Bir görün kim kimi çəkib sürüdü,
Bəlalı başımı duman bürüdü.
Zülfüqar, havayı ömrün çürüdü,
Qazancın göz yaşı silməyin imiş.
Müəllif: Zülfüqar Zülfüqarov