Qadin.NET / Nə dərdim?

Nə dərdim?

Nə dərdim?

Dünyadı

Hirsini yeyənin ağzı bal dadar,

Demə ki, bu dünya yalan dünyadı.

Mənəm deyənləri çeynəyib udar, 

Şahları taxtından salan dünyadı. 

Demə ki, bu dünya yalan dünyadı.

 

Bir üzü istidi, bir üzü sərin,

Əvvəli sonudu qəmin, kədərin.

Tüstüsü acıdı, quyusu dərin,

Kimə gen, kimə dar dalan dünyadı, 

Demə ki, bu dünya yalan dünyadı.

 

Gözə görünməzdi əkib-biçəni,

Yola salar vaxtlı-vaxtsız köçəni.

Biz dən, o dəyirman, üyüdür dəni,

Gücünü zamandan alan dünyadı,

Demə ki, bu dünya yalan dünyadı.

 

Atdınsa, ox dönüb kamana gəlməz,

Çox sirlər ağıla, gümana gəlməz.

Zülfüqar, sən deyən zaman gəlməz,

Nə də elə-belə qalan dünyadı,

Demə ki, bu dünya yalan dünyadı.

 Nə dərdim?

Nə dərdim?

Qartal kimi səmasında itsəydim,

Nəğmə olub, dodağında ötsəydim.

Can verməyə diyarıma getsəydim,

Son mənzilim Vətən olsa, nə dərdim?

 

Buludunda şimşək olub çaxsaydım,

İşıq salıb zirvəsinə baxsaydım,

Çeşmə olub dərəsindən axsaydım,

Səhrasında itən olsam, nə dərdim?

 

Zirvələrin bilməm niyə alçaldı,

Başım üstün tüstü, çən, duman aldı.

Nə qədər ki, arzum, istəyim qaldı,

Məzarımda bitən olsa, nə dərdim?

 

Şimalım cənubdan düşüb aralı,

Borçalı, Zəngəzur qəlbi yaralı.

Aşıq Ələsgərin Göyçə mahalı,

Cəsədimdə kəfən olsa, nə dərdim?

 

Bəxtimi daş edib, kim atdı gölə?

Çıxara bilmədim, mən bilə-bilə.

Qorxuram Zülfüqar bu dərdlə ölə,

Bir əlimdə tutan olsa, nə dərdim? 

 Nə dərdim?

Düşərsən

Əqil- mərifətdə tanı insanı,

Hiylədən uzaq ol, tora düşərsən.

Seçməsən, dünyada yaxşı, yamanı,

Baharın qış olar, qara düşərsən.

 

Fələyin etkeçməz neçə yolu var, 

Nə dinər, nə də ki, sirrini açar.

Dilini lal edər, qulağını kar,

Çığırıb bağırsan, zora düşərsən.

 

Zülfüqar, inanma əfi ilana,

Yol vermə böhtana, nə də yalana.

Əl uzat, bəlaya düçar olana,

Bir gün sən özün də dara düşərsən.

 Nə dərdim?

Həyat

Arzum oyananda dilim olur lal,

Şirin arzularım mənim olaydı.

Əngin səmalara uçan o xəyal.

Dərdimə, sərimə qənim olaydı.

 

Mənliyim arzuya, xəyala dönür,

Sıxır ürəyimi, sıxır qəlbimi.

Baxıram həyata, ümidim sönür,

Xəyalım gör necə yıxır qəlbimi?

 

Hər kəs vüsalına yetişmək üçün

Tələsir, deyir ki, tez getsin zaman.

Təbiət sirridi, açılmır düyün,

Görmür, ömür sona yetir durmadan.

 

Bir bağlı kitabdı insan həyatı,

Kim necə oxuyur, kim necə qanır?

Dərindən fikirləş bir an həyatı,

Mənalı, mənasız hey varaqlanır.

Zülfüqar Zülfüqarov  

3 iyun 2014
GO BACK