Qadin.NET / Bahar təranələri

Bahar təranələri

Bahar təranələri

Haynrix Haynenin yaradıcılığından nümunələr

Bahar təranələri 

Baharın ipilıq bir gecəsində 

Açıb dəstə-dəstə güllər, çiçəklər. 

Ürək təzə eşqə düşməsin deyə 

Özünü bir qərib sükuta köklər. 

 

İndi bu bahardan hansı gül mənim?! 

Tutub bir çiçəyin gözlərini nəm. 

Məni vəsf eyləməz bülbülün səsi, 

Özümü zanbağdan gözləyə bilsəm. 

 

Bu da bir sıxıntı, gəlir zəng səsi, 

Azmışam baharda, yolum ağ olmur. 

Gözümə baharın baxışı düşür, 

Ürəyi sehrdən qorumaq olmur. 

 

Bahardır gözəlin bir cüt gözü də, 

Ağıl başdan çıxıb kəməndə düşür. 

Dolub bülbülü də, qızılfgülü də, 

Hamı bu tilsimə, bu bəndə düşür.  


Alışır baharın mavi gözləri, 

Otlar arasından dünyanı süzür. 

Bu zərif, bu şehli bənövşələri 

Xəyalım bir qızın telinə düzür. 

 

Yığıram gülləri otlar içindən, 

Ləçəklər nazlanır sübhün zərində. 

Kədərin səsini eşidirəm mən, 

Bülbülün yanıqlı nəğmələrində. 

 

Bəli, o oxuyur öz nəğməsini, 

Göydən cəh-cəh gəlir, zümzümə düşür. 

Kim açır qəlbimin gizli sirrini?! 

Meşə bu həsrətdən min qəmə düşür. 

Bahar təranələri

Səni çox sevirəm, budur həqiqət! 

Dünya da sevinir gözəl çöhrənə. 

Üzməsin qəlbini bu ayrılıqlar, 

Kədərli baxışlar yaraşmır sənə.


Səni sevdiyimdən saralıram mən, 

 Bənizim ağappaq, canım qup-quru 

Mən çıxıb gedirəm, kədərlənmə sən,  

Qoru bu kədərdən, özünü qoru. 


Bax bu ətir saçan qərənfillərə, 

Göydə şölələnən ulduzlar titrək. 

Baxıram, sayrışır öz işığıyla 

Ulduzlar qayğılı, arılar kövrək. 

 

O üzdə ağappaq bir ev boylanır,- 

Şabalıd meşəsi kölgəliyindən. 

Eyvanın qapısı açılır bu dəm, 

Zəif bir pıçıltı eşidirəm mən. 

 

Bu da titrək ağuş, şirin həyəcan, 

Bihuşam ürəyin titrəməsindən 

Batıb qızılgülün şehli ətrinə, 

İtirəm bülbülün cəh-cəh səsinə. 

 

Qəm yemə, hamının qabağında mən, 

Qəlbimin sirrini açan deyiləm. 

Vəsf edib baharın gözəlliyini, 

Özüm bu sevgidən qaçan deyiləm. 

 

Gül-çiçək içində gizlənib hələ, 

Gizlənib meşənin səssizliyində

Ah, odur bu sirrin parlaq alovu, 

Bu odun sirri də alışır məndə. 

Bahar təranələri

Üstümə qığılcım səpələnir, bax, 

Sevgidir, bahardır, - bu od qoşadır! 

Dünyanın inamı itib oda da, 

Onu poeziya duyub yaşadır. 

 

Ulduzlar sayrışan qədəmlərilə 

Dolaşır göylərin dərinliyində. 

Öpsə də torpağı işıq səsiylə 

Ayılmır öz yuxu şirinliyindən. 

 

Heyrət içindədir lal meşələr də, 

Hər yarpaq elə bil bir yaşıl budaq. 

Sükut içindədir yuxulu təpə, 

Kölgəsi uzanıb özündən qabaq. 

 

Dayan, bu nə səsdir?! Dolur könlümə, 

Yanğılı avazı bağrımı dəlir. 

Nə yaman bənzəyir yarın səsinə, 

Yoxsa bu gözəl səs bülbüldən gəlir?!  

Bahar təranələri

Bu yazın gəlişi 

Bu yazın gəlişi toylu-büsatlı 

Gəlir təntənəsi, çal-çağırıyla. 

Yoluna gül düzüb bəylə-gəlinin, 

Təbrikə tələsir öz axarıyla. 

 

Açılıb qızılgül, inciçiçəyi, 

Min nazla boylanır bənövşə yenə. 

Kərəviz nur saçır bəyin ruhuna 

Qulançar gəlinin qədəmlərinə.

Ələkbər Qubatov 
29 may 2014
GO BACK