Qadin.NET / Ölüm, səndən gileyliyəm

Ölüm, səndən gileyliyəm

 Ölüm, səndən gileyliyəm

Ölüm, səndən gileyliyəm.
O pusquda duruşundan,
Səssiz, vaxtsız,
O xəbərsiz gəlişindən 
Gileyliyəm. 
Cavanların, körpələrin 
Boynundakı kəməndindən 
Gileyliyəm. 
Neçə-neçə anaların 
Süd qoxulu körpəsini aparmısan. 
Neçə-neçə övladların 
Arxasını, dayağını aparmısan. 
Neçə gəlin xəstə yatır yatağında 
Pusqudasan 
Gileyliyəm. 
Neçə gəlin ağ gəlinlik duvağında 
Pusqudasan 
Gileyliyəm. 
Yol üstündə maşınların arxasınca 
Zaman-zaman sürünmüsən.
Bəyliyini geyinməyən 
Cavanların qənimisən. 
Anaların ürəyinə 
Övlad adlı dağ çəkmisən 
Körpələrin dillərindən 
"Ana" adlı bir kəlməni əskiltmisən.
Ölüm, səndən gileyliyəm
İnsan olub bu dünyada xaruqələr yaratmışıq.
Bundan belə nə istəsək, yaradarıq,
Lazım gəlsə, dağ üstünə dağ qoyarıq.
Bircə sənin qarşında biz 
Həm acizik,
Həm gücsüzük, 
Həm dilsizik. 
Bir söz desək, nə faydası,
Qulağın kar,
Gözlərin kor, 
Dilin laldı.
Əzəl gündən belə varsan.
Olacaqsan, 
Deyirlər ki, 
Axı haqsan. 
Ölüm səndən gileyliyəm. 
Axı ömrün fəsilləri 
Hər fəsilin anları var.
Sevgi dolu baharı var. 
Məhəbbətdən don geyinmiş 
Günəş gözlü bir yayı var. 
Payızın da xəzanı var 
Bəyaz saçlı bir qışı var. 
Ölüm, sənə yalvarıram
Baharında, yayında yox.
Payızında, qışında gəl.
Səksənində, doxsanında 
Lap elə yüz yaşında gəl.
Nə küsək, nə inciyək,
Nə də səndən gileylənək.
Qocalanda 
Qoy özümüz səni seçək.
Ölüm, səndən gileyliyəm
Duyğularım
Gecələri cox sevirəm. 
Sakit, susqun gecələri.
Sevirəm mavi səmada
Sayrışan ulduzlarını. 
Buludların ağ kəlağayısına 
Bürünmüş nazlı ayını.
Sevirəm gecələrin 
Siyah paltarını. 
Xəfif küləklərin gətirdiyi 
Sevgililərin pıçıltılarını. 
Sevirəm mavi gözlü Xəzərimi.
Ləpələri gecələrə 
Layla çalan Xəzərimi. 
Sevirəm çox,
Amma hər şeydən çox
Sevirəm gecələrin 
İşıqlı bir sabaha 
Açılan səhərini.
Müəllif: Nəcibə Vüsal, Sumqayıt
23 iyun 2014
GO BACK