Dünyada
Hicranına dözmür canım,
Gedir hər gün dala dünya.
Köç edib ömür karvanım,
Getdim, mənsiz qal, a dünya.
Asta-asta vurur ürək,
Xəstə vücud kimə gərək.
Yetişmədin dadın görək,
Dişim batmır kala, dünya.
Hardadı dəliqanlığım?
Küsüb gedib cavanlığım.
Gəlsə, dönər bir anlığım
Sərvətə, cəlala dünya.
Sonu daha pis olacaq,
Kim-kimdən qisas alacaq?
Hicran qalam qaldı ancaq,
Bağışladım, al, a dünya.
Zülfüqara oldu baha
Gecəni çıxmaq sabaha.
Üzən gəmim yoxdu daha,
Ümid qalıb sala, dünya.
Haray dünya
Aç sirrini, bilsin bəndə,
Süfrə edib sər, ay dünya.
Zər-zibayla bəzəsən də,
Köhlən olmaz xər, ay dünya.
Gülməz fələk ağladan kəs.
Qəhəd olar quru nəfər.
Öldürmə gəncləri əbəs,
Hər il, hər gün, hər ay, dünya.
Zülfüqardı mənim adım,
Özüm özümün olmadım.
Dayanıb ərşə fəryadım,
Haray dünya, haray dünya.
Sala-sala
Mərd igidlər əsli-zatın soruyar,
Əyilmiş yolları düz sala-sala!
El-obanın namusunu qoruyar,
Həyatda silinməz iz sala-sala.
Xəsis qıymaz qışda versin qarı da,
Nə iş görsə, qoyar onu yarıda.
Palıdın tullantı budaqları da,
Yanar ocaqlarda köz sala-sala!
Yansa, közü qalmaz saman tayının,
Sərtdirsə, sərtliyi itməz qayanın.
Dişi zəhərlidir ilan-çayanın,
Sağalmaz yarası, göz sala-sala!
Zülfüqar, qol qoyma belə güzara,
Cavanı, qocanı salıb azara
Dəllallar hər şeyi çəkib bazara
Namusdan, qeyrətdən söz sala-sala.
Müəllif: Zülfüqar Zülfüqarov