Dünya, sənin pəncərəndən
Qoy doyunca baxım sənə.
Həyat mənə dar olubdur,
Qayğılarım cox olubdur,
Gözüm sanki kor olubdur.
Görməmişəm səni hələ,
Qoy doyunca baxım sənə.
Nə tez keçdi uşaqlığım,
Nə tez keçdi cavanlığım,
Qonaq gəlir qocalığım.
Doymamışam səndən hələ.
Qoy doyunca baxım sənə.
Qəm-qüssəndən qaçırt məni
O sehirli xalçan üstə
Xoşbəxtliyə uçurt məni.
Göstər mənə gülüşünü,
Yoxusunu, enişini
Bu dünyanın gərdişini.
Doymamışam səndən hələ
Qoy doyunca baxım sənə.
Dünya, sənin sirrin nədir?
Dünya, sənin sehrin nədir?
Əfsanəsən, nağılmısan?
Bir cavabsız sualmısan?!
Axı sənin pəncərəndən
Gedən bir də gələ bilməz.
İstəsən də gələ bilməz,
Səsləsən də gələ bilməz,
İzi qalar, sözü qalar
Bir quruca adı qalar.
Qovma məni pəncərəndən
Doymamışam hələ səndən.
Ölümünü vermə səssiz,
Vermə vaxtsız-vədəsiz,
Qoyma məni pəncərəsiz.
Doymamışam səndən hələ
Qoy doyunca baxım sənə.
Göz yaşları
Axma belə, göz yaşlarım,
Gizlən yenə əvvəlkitək.
Gözlərimdən ürəyimə
Gedən yolla qayıt geri.
Ürəyimin sən isimli
Ümmanına qayıt geri.
O ümman ki, sahilindən
Bir kimsənin xəbəri yox.
Sakit-sakit ləpəsindən
Bir kimsənin xəbəri yox.
O ümman ki, ürək adlı qayasına
Çırpıldıqca nalə çəkən dalğasından
Bir kimsənin xəbəri yox.
Axma belə, göz yaşlarım.
Sən axdıqca alçalıram,
Əzilirəm, kiçilirəm.
Damla-damla axdıqca sən,
Damla-damla əriyirəm.
İstəmirəm qarşımdakı görsün səni.
İstəmirəm heç özüm də görəm səni.
Axma belə, göz yaşlarım, qayıt geri.
Ürəyimin sən isimli
Ümmanına qayıt geri.
Bir kimsənin bilmədiyi
Duymadığı, görmədiyi
O ümmana,
O ünvana,
Öz yuvana qayıt geri....
Müəllif: Nəcibə-Vüsal
Sumqayıt