Qadin.NET / Darıxmışam

Darıxmışam

Darıxmışam

Ana, sənin qara dönmüş,

Tellərinçün darıxmışam.

Yollarımdan daş, kəsəyi

Yığışdıra-yığışdıra qırış tapmış

Əllərinçün darıxmışam.

Dünya boyda bir qayğını,

Bir sinəyə cəmləşdirən,

Ürəyinçün darıxmışam.

Mənim həyat kitabımın varaqların

Nurlandıra-nurlandıra

nurdan düşmüş

Gözlərinçün darıxmışam.

Bir addımı səhv atanda,

Ya sözünə baxmayanda,

Məni şuluq eləməkdən çəkindirən,

Məzəmmətli sözlərinçün darıxmışam.

Qulağımda cingildəyən nəsihətin,

Dönə-dönə söylədiyin,

Əzbərlənib yaddaşıma

Həkk olunmuş nəsihətin,

Diləyinçün darıxmışam.

 

İlk gəlinlik yadigarın

Ələyinlə ələdiyin,

Mənim qoğal payımı da

Onunla bir bişirdiyin

İsti təndir çörəyinçün darıxmışam.

Hər biri bir günüm olan

Tellərinçün darıxmışam.

Əllərinçün darıxmışam...

Bircə kəlmə sözün üçün darıxmışam,

Ana, Vallah, mən tək sənin özün üçün

Darıxmışam.

Darıxmışam

Körpənəm

Ana, istəyirəm mən də bir qədəm

Boy atam, böyüyəm sənin dünyanda.

Yox, yox  sənin üçün böyüyə bilməm,

Saçlarım ağarsa, yaşa dolsam da,

Sənin aləmində hələ körpəyəm-

Mən neçə körpəyə ata olsam da.

 

Gərək insanlığı səndən öyrənəm,

Yoxsa ki, bu ömür tez gedər bada.

Nə qədər həyat var-sən varsan, varam.

Qayğısız, duyğusuz körpə balanam.

De, mənə laylanı, bir bax, gör, mənəm.

Sənin aləmində dəcəl körpənəm.

Müəllif: Xəlil Mirzə.

28 aprel 2014
GO BACK