Qarabağım
Viran könlümün məskəni,
Qara baxtlı Qarabağım.
Sınıq qəlbimin həmdəmi,
Bəd ovqatlı Qarabağım.
Beynimin qəm oylağısan,
Gözümün qan çanağısan,
Dilimdə bitən ağısan,
Viran taxtlı Qarabağım.
Başımda dərd tacım mənim,
Həm şirinim, acım mənim.
Qəm qovuran sacım mənim,
Çönən çarxlı Qarabağım.
Qarabaxtlı anam oldun,
Çalınmamış laylam oldun,
Gözü yaşlı sonam oldun,
Kür sabahlı Qarabağım.
Yad tapdaqda solan gülüm,
Qara gələn ayım, ilim.
Sən azad ol, qoy mən ölüm,
Köksü dağlı Qarabağım!
Qarabağ, özüm mənim
Qarabağ, özüm mənim,
Söhbətim,sözüm mənim,
Səni dustaq görüncə,
Çıxaydı gözüm mənim.
Həsrətindən iliklərim donan, sümüklərim sızıldayan, ağlı-qaralı dünyamın gözəl məkanı, gözəlliyi bəxtinə qaralar yazan Qarabağım, səni düşündükcə korun-korun yanıram. Sənli günlərin xatirələri gündüzlər qəlb sirdaşım, gecələr xəyallarımın yol yoldaşıdır. Sən də əlçatmaz uşaqlığım kimi xatirələrə dönmüsən, uzaq-uzaq illərin qəlbə doğma, yaddaşa yaxın nağılına çevrilmisən.
Sənə çatmaq, səni görmək ümidi məni tərk edən anda gözlərim qaralır, qanım donur, ürəyim dayanır və birdən güclü bir istək, məhəbbət içimdə boy qaldıraraq ümidimi səsləyir, geri qaytarır. Ayaqyalın, başaçıq qaçmaq, qaçmaq, sənə çatmaq istəyirəm.
İnanıram ki, bir gün bu istək uşaqlı-böyüklü, o taylı-bu taylı bütün azərbaycanlıların içində tufan qaldıraraq Qarabağdan yağıları süpürüb atacaq. Bu inamla yaşayıram, Qarabağım. Bu inamı, bu ümidi gündən-günə, aydan-aya daşıyıram. O gün üçün, o an üçün yaşayıram, Qarabağım.
Mən qana qan demişəm,
Adına can demişəm.
Sən azad olan günə,
Özüm qurban demişəm.
Döz, ay dərdli Qarabağ!
Yanğın düşüb ürəyimin köşkünə,
Dərd ocağım alovlanır, köz tutur.
Qar yağıbdır bəlkə vətən eşqinə,
Ona görə yollarını buz tutur.
Aydan-aya, ildən-ilə keçirik,
Təqvimdən hey qara günlər seçirik.
Vaxt ötdükcə yurd həsrəti kiçilir,
Əsas yeri vədə tutur, söz tutur.
Bu Şuşa yarası, Laçın yarası,
Bu Ağdam, Füzuli, Xocalı yası,
Hanı bu yurdların igid balası,
Anam torpaq axı sizə üz tutur.
Düşündükcə ötən, itən illəri,
Seyr etdikcə qaçqın, köçkün elləri,
Qırılır qəlbimdə ümid telləri,
Həsrət bayram edir, vüsal yas tutur.
Dağlara dərd adlı yağan qara bax,
Yurd həsrətli gözlərdəki tora bax,
Bacarırsan, döz, ay dərdli Qarabağ,
Məhəbbətin ürəklərdə pas tutur.