Qadin.NET / Düzəlməz

Düzəlməz

 

Düzəlməz

 

Dünya düzəlməz

Necə ki, yalan yol alıb yeriyir,
Düzəlməz bu dünya, vallah düzəlməz.
Pislər çox yaşayır, yaxşılar ölür,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Harda böyük-kiçik yeri bilinmir,
Elin yaxşısı, yamanı seçilmir,
Ər oğlu ərlərə qiymət verilmir,
Dözülməz bu dünya, vallah dözülməz.
***
Dardadı Vaqifin, Xanın məzarı,
Əgər biz azad etməsək onları,
Heç ruhları bağışlarmı bizləri?
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Un qarışıq, suyu bulanıqdırsa,
Yoğuranla bişirən xəbisdisə,
Halallıq, düzlük olmaz o çörəkdə.
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Yaxşıya, pisə qiymət qoyulmasa,
Böyük, kiçiyin yeri bilinməsə,
Ulduz göydə, çiçək yerdə olmasa,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Gülün xoşuna gəlir bülbül səsi,
Bülbül istəməz heç vaxtı qəfəsi,
Bilinmirsə hər dərdin öz davası,
Düzəlməz bu dünya, vallah düzəlməz. 
***
İlanlar sevmir əzəldən yarpızı
Bir yerdə otlamırsa qurdla quzu,
Gəlin sevmirsə qaynı, baldızı,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Samvel Azərbaycan xalq şairidir,
Yoxsa bizim Əli Kərimin adı.
Alınmaz Ələsgərin məzarı
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Tülkü ağadırsa aslan üstündə,
Dost dosta dayaq deyilsə, pis gündə,
Nərin ayağında vurulsa kündə,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Düzəlməz

Doğma vətənimizi alıb yağı,
Düşmən oylağıdı aranı, dağı.
Alınmırsa Ələsgərin məzarı,
Dözülməz bu dünya, vallah dözülməz.
***
Hərənin bir arzusu var ürəkdə,
Olmasa halallıq duzda, çörəkdə,
Lazımsa tərlana sarın köməyi
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Kəsirlər başları fürsət olanda,
Qısnarlar divara rüşvət alanda.
Yalan, məkr ürəklərə yol tapanda,
Dözülməz bu dünya, vallah dözülməz.
***
Uşağın atadan yoxsa xəbəri,
Düz olmaz onun işi, əməli.
Eləsinin dəyməz xalqa köməyi,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Necə ki, Nəbi, Babək nəvələri,
Əldə silah minmirlər köhlənləri,
Qana qəltan etmirlər düşmənləri
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Həmişə bahara deyirlər solmaz,
Yovşan əksən ondan çəmənzar olmaz,
Necə ki, yaxşı qiymətin almaz,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Sən götürsən gücün çatmayan daşı,
Məyus edərsən dostu, həm də qardaşı.
Əgər namərd atırsa mərdə daşı,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Əgər harın, nadan özünü öysə,
Aqillər yanında gözünü döysə,
Qocanın, zəifin qəlbinə dəysə,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Əl tutun, əl tutmaq Əlidən qalıb,
Əl tutan özünü bilərsə qalib,
Harınlar özün saysa yenilməz,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Düzəlməz

Allah insanları çəkir sınağa,
Ona güc verib, gətirir qınağa.
Şər olursa xeyrin üstündə ağa,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Əgər düz olmasa cığırın, izin,
Yerisən yıxılarsan, gülməz üzün.
Səmimi olmasa ürəyin, sözün,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Necə ki, hiylə, yalan minir ata,
Sərkərdə Babək aldanır Sumbata,
Qoç Koroğlu ki, inanır Həmzəyə,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Sevgiyə güc olmaz, sədaqət istə,
Hər dağdələn olmaz Fərhadtək usta.
Namərdə yalvarma, çevrilmə dosta,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Kişini saydırır çörəyi, duzu,
Namusun qoruyur gəlini, qızı.
Bilinməsə hər kəsin işi, sözü,
Dözülməz bu dünya, vallah dözülməz.
***
Çaya çatmamış çıxarma başmağı,
Qıza şərəf verər onun üz ağı.
Qadın yersiz yerə vursa yaşmağı,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
İgid el-obaya arxalanmasa,
Atalar da oğluna güvənməsə,
Bülbül öz gülünü qoxlamasa,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
İnsan gərək xeyrə, şərə yaraya,
Qohum-əqrabanı, dostu araya,
Təhrif edib ağ deyirsə qaraya,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Düzəlməz

Sevənlər çox yaxşı bilər qaydanı,
Belə qısqanclıqdan gələn faydanı,
Onlar unutsalar əhdü-peymanı,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Elidir insanın arxa-köməyi,
Evin bəzəyidir onun qonağı,
Kişinin olmasa halal uşağı,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Dardadırsa Qoç Əlyarın məzarı,
Ora düşmürsə ərlərin güzarı,
Azad olmursa Mirinin məzarı,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Kişilər görmüşəm ürəyigeniş,
Onlar büdrəməsin, görməsin yeniş.
Yaxşılar almasa təşəkkür, alqış,
Düzəlməz bu dünya, vallah düzəlməz. 
***
Bilinmirsə böyük-kiçiyin yeri,
Şeytanın çuğlayan artarsa varı,
Zindana atsalar ər oğlu əri,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Oğullar tez ölüb sıradan çıxır,
Atalar, analar qalıb dərd çəkir,
Necə ki, vətəndə düşmən turp əkir,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Hər zaman baş verir vulkan, zəlzələ,
Alimlər bu sirri açmayıb hələ,
Necə ki, namərd mərdə qurur tələ,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Əsil, kökümüzü unuduruq biz,
Nə gecə bilirik, nə də ki, gündüz,
Doğma vətən gedib gülmür üzümüz
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Dardadı igid Həcərin məzarı,
Mir Sədi, Hacı Qaraman ocağı.
Azad etməsək ocağı, məzarı,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Necə ki, dardadı ər oğlu ərlər,
«Tülkü bəy!» Azaddı, tutulub nərər,
Neçə ki, meydanda yoxdu Nəbilər,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Düzəlməz

Düşmən aldı Şuşanı, Laçını,
Oğullar itirdi qol-qıçını.
Almasaq torpaqların hamısını,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Biz qoşuruq Sayat Novaya dastan,
Düşməni ayıra bilmirdik dostdan.
Necə ki, qəfəsdə bağlıdı aslan,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Qubadlı, Cəbrayıl, Füzuli hanı?
Yoxdursa Şuşa, Xankəndi, Xocalı,
Düşmən tutdu Kəlbəcər, Zəngilan, Ağdamı,
Düzəlməz bu dünya, vallah düzəlməz.
***
Neçə ki, nadanlar olublar ağa,
Alimi, şairi qoyurlar lağa,
Bülbül cəhcəhinə gülür qurbağa,
Düzəlməz bu dünya, vallah düzəlməz
***
Əşiri göynədir İsa bulağı
Düşmənə qalıb Vaqif oylağı,
Cıdırdan gəlmirsə atın sorağı,
Ora olubsa erməni oylağı,
Eşşək çapırsa cıdırımda yağı,
Düzəlməz bu dünya, vallah düzəlməz.

Əşir Bəşiroğlu

12 aprel 2014
GO BACK