Ana bətni
İnsanı yoxluqdan varlığa daşıyan
Bir qatardır ana bətni...
Sən heç ana bətnində ağlayan uşaq gördünmü?
Çox doğmadır axı, çox rahatdır
Nə olsun ki, dardı ana bətni?
Fikir versən əgər,
biz qatar dayananda deyil,
şütüyəndə daha rahat uyuyuruq
Nədəndir bu belə,
düşündünmü heç niyə?
Relslərin takka-tukudur bizi uyudan
ana ürəyinin səsinə bənzərdi deyə.
Axı biz 9 ay belə uyumuşuq;
bu döyüntünü duya-duya...
İnstinkt yəni.
İnsanı yoxluqdan varlığa daşıyan
Bir qatardır ana bətni
Bir istiqamətli-
dönüşü olmayan.
Mənzil başına yetirib, kəsər göbək bağını
Sərnişinini ölüm “lokomotivinə” qoşar gedər
Bu səfərin ən pisi odur ki,
Çox zaman yolçu qalar,
Qatar gedər...
Bir yaz gecəsi
Bir yaz gecəsi
Yağış yağır
ildırım çaxır
Göydəkilər yerdəkilərin şəklini çəkir
Mənsə ciyərimə çəkirəm
yağışda çimmiş torpağın ətrini:
oxxx...
anladılmaz ki...
Bir yaz gecəsi
Göy guruldayır...
İldırım çaxır;
Yerdəkilərçün çaxmaq çəkir göydəkilər.
Mənsə dərd çəkirəm:
Saat Ona hələ çox qalıb
niyə axı...?!
İldırım çaxır
Saniyəlik aydınlıqlar da işə yarayır.
Önündəki su çalasına düşməmək üçün
ildırımın çaxmasını gözləyirəm
Gözləyirəm
Onun məni görməsini,
baxmasını gözləyirəm...
Baxmaz ki...
Göyüm guruldayır bir yaz gecəsi
yağışım yağır
Onun pəncərəsi...
...işığı sönür
Pərdəsi çəkilir:
Filmin Sonu!