Qadin.NET / Ayrılıq - Ramiz Rövşən

Ayrılıq - Ramiz Rövşən

Ayrılıq - Ramiz Rövşən

 

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

Xəbərimiz yox.

 

Aradan nə qədər il keçib görən,-

Tanıya bilmədim,

məni bağışla

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla.!


"Ölmədim" deyirəm,

Nə bilim axı,

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz

ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim,

nə sən indiki,

Ayrıldıq, şeytanı güldürdük onda,

Bu ilin,

bu ayın,

bu günündəki,

Elə bu küçənin bu tinindəki

Məni də, səni də öldürdük onda.
Ayrılıq - Ramiz Rövşən
.....Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz

ömründə min yol

Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu.......

Hamı günahkardı dünyada,

amma

Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada

On-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuz dəyişib,

nəsə

Çaşmışıq, biz özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə

qurban getmişik.

Dəyişib yerini bəlkə qış  bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində

ögey analar

Ögey balaları gəzdirir indi.

Ömrüm başdan- başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız

anamdı bəlkə,

Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə

görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim?

Anamsan,

bacımsan,

nənəmsən,

nəsən?

Bircə allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza

nə yol, nə körpü.

Ölüsən,

dirisən,

hər nəsən,

dayan!

Dayan, heç olmasa, əlindən öpüm......

Deyirsən: " Ölüyəm, ölünü öpmə......."

Əlimin içində

soyuyar əlin.

Deyirsən: Sən allah, əlimi öpmə,

Əlimdən, deyəsən, qan iyi gəlir......
9 iyun 2009
GO BACK