Qadin.NET / Qoşmalar

Qoşmalar

 

Qoşmalar
Gəlmişəm
Bilirsənmi, ay Ələyəz dağları,
Gəncliyimi səndə qoyub gəlmişəm.
Əllərim xınalı, gözlərim yaşlı,
İlk eşqimi səndə qoyub gəlmişəm.
Gecənin yarısı gəldi qaçaqlar,
Güllənin səsindən titrədi dağlar.
O zamandan Nabat ağlar, dağ ağlar,
Yar məzarın, səndə qoyub gəlmişəm.
Parçıdan gəldim Dərələyəzə,
Çiçəkli dağlardan gül üzə-üzə.
Qəza gəldi həsrət qaldım gündüzə,
Hər nə varsa, səndə qoyub gəlmişəm.
Qoşmalar
Sizdən xəbərsiz
İki gözüm, “Oğlan qala”, “Qız qala”,
Mən sizdən xəbərsiz, sizdən ayrıldım.
Ay Əyricə dağım, a doğma Parçım,
Mən sizdən xəbərsiz, sizdən ayrıldım.
Üç gözəlin timsalıdır Siyaqut,
Arpa çayı, biri Sara, birin tap?
Nuruyla bağlıdır qanlı hekayət,
Mən sizdən xəbərsiz, sizdən ayrıldım.
Nabat, yazda gəldim düşdüm qışa mən,
Qürbət eldə döndüm qərib quşa mən.
Qoymadılar gəzəm yarla qoşa mən,
Mən sizdən xəbərsiz, sizdən ayrıldım. 
Qoşmalar
Arzulardan danışaq
Gəlin, seyrə çıxaq Kür qırağına,
Mənim o yerlərə ziyarətim var.
O Vaqif dolanıb gəzən torpağa,
Əzəldən bağlıyam, məhəbbətim var.
Mənim çox sözüm var Vətənə bağlı,
Elin aşığıyam aranlı, dağlı,
Özüm şən həyatlı bağçalı, bağlı
Vətən torpağına məhəbbətim var.
Nabat, köklə sazı, zilə çək sazı,
Başla ağ günlərdən söhbəti, sözü.
Dağlartək gül açır ömrümün yazı,
Mənim xoş əməlim, xoş niyyətim var.
Aşıq Nabat
17 mart 2014
GO BACK