Qadin.NET / Dünya

Dünya

 

Dünya

 

İstəmirəm

Qüssə kimi ələr oldum, 

Cəhənnəmdən gələr oldum.

Gün görməyib bu dünyada,

Quzu kimi mələr oldum.

İstəmirəm bu həyatı. 


Ömür axıb keçib getdi,

Mənə yaman zülm etdi. 

Taleyim də qara gəlib, 

Mənim üçün yaşam bitdi!

İstəmirəm bu həyatı. 


Axı nəfəs külək deyil, 

Hər söz-söhbət kələk deyil. 

Daha bu gündən sonra 

Dünya mənə gərək deyil!

İstəmirəm bu həyatı. 

 

Haçan xoşbəxt olacağam?

Eşqdən donub qalacağam. 

Uçub gedib aya, günə 

Göydə məskən salacağam,

İstəmirəm bu həyatı.

 

Düşüb çovğun, çənə dünya 

Əzab verib mənə dünya. 

Həyatımı məhv eylədin, 

Lənət olsun sənə, dünya!

İstəmirəm bu həyatı. 

 

Dünya

 

Zarafat eyləmə mənimlə, dünya

Sanma söz-söhbətdən qorxub qaçaram,

Nə də ki südəmər körpə uşağam. 

Bil ki mən səndən də cəsur, qoçağam,

Zarafat eyləmə mənimlə, dünya. 


Nə deyim, sözümün düzün bilirsən,

Taleyin qismətin, üzün bilirsən. 

Səni xoşlamıram, özün bilirsən,

Zarafat eyləmə mənimlə, dünya. 


Gətirmə sən məni indi yanına,

Yoxsa susamısan artıq canıma. 

Eyləmə, bulansın əlim qanına 

Zarafat eyləmə mənimlə, dünya. 

 

Əgər mən eyləsəm pis edəcəyəm,

Ömrünü qapqara his edəcəyəm. 

Mənə tələ qursan hiss edəcəyəm,

Zarafat eyləmə mənimlə, dünya.

 

Görmədim kim səni, səni çox sevir,

Hamı pisliyindən min bir söz deyir. 

Elvin Mütaliboğlu xəbərdar edir 

Zarafat eyləmə mənimlə, dünya. 

28 iyun, 2009 

 

 

Dünya

 

Bu cür yaranıbdır əzəldən dünya 

Bu cür yaranıbdı əzəldən dünya,

Namərdlik, nadanlıq, naxələf üstə. 

Bu cür yaranıbdır əzəldən dünya,

Satqınlıq, murdarlıq, bitərəf üstə. 


Ömür yarpaqları tökülür bir-bir 

Nə dostda sirr qalır, nə yarda vəfa. 

Açılan əllər də bükülür bir-bir,

Qalmır bu dünyada nə insaf, səfa. 


İnana bilmirəm daha zamana,

O mələk donunda şeytan kimidir. 

Vermirəm heç vaxtı ömrü gümana,

Xəyal da bir tüstü, qəlyan kimidir. 

 

Bir kərə dəymədi kürəyim yerə,

Tam məğlub edilməz olmuşam daha. 

Yaşadım həyatı bu boyda belə,

Şikayət etmədim bir gün Allaha.

 

Əzəldən dünyanın işi belədir, 

Həyatı bixəbər sürürük, gedir. 

Əcəl də daima kədər ələdi,

Ancaq ki nə edir, özünə edir.

 Elvin Mütaliboğlu

16 avqust, 2009 

5 mart 2014
GO BACK