Gəzsən bu dünyanın hər qarışını,
İzləsən çiskinli qar yağışını,
Sevsən baharını, sevsən qışını -
Anadan müqəddəs varmı dünyada?
Odur gözlərində şəfəq dolduğum,
Çox vaxtı küsdürüb, çox vaxt yorduğum.
Cavab ver sözümə qurban olduğum -
Anadan müqəddəs varmı dünyada?
Həyatda min cürə gəlin, qız, sona,
Hamısı birlikdə qurbandı ona.
Ruhu tanrı verir, canı da ana -
Anadan müqəddəs varmı dünyada?
Quran ayəsidi onun hər sözü,
Evin çırağıdır o şəfəq gözü.
Onu əziz tutub peyğəmbər özü -
Anadan müqəddəs varmı dünyada?
Hər anı fikirlə yüklənir başı,
Onunçün fərqi yox övladın yaşı.
Çox şirin olsa da ömür yoldaşı -
Anadan müqəddəs varmı dünyada?
Dünyadı ən böyük sehir də, sirr də
Neçə min məlum var bir kiçik sirdə.
Bir başı papaqlı atadan, bir də
Anadan müqəddəs varmı dünyada?
Uduzmazsan əməl etsən sözünə,
Bir günəş görərsən baxsan gözünə.
Heç zaman ağ olma ana üzünə -
Anadan müqəddəs varmı dünyada?
Övladın hər səhvi onu yaralar,
Saçı bəyaz olar gözü qaralar.
Göydə yaradandı, yerdə analar,
Anadan müqəddəs varmı dünyada?
Məhəbbət eşqiylə coşur, çağlayır,
Qəlbinə dünyanı çəkib bağlayır.
Çalışıb könlün al, görsən ağlayır -
Anadan müqəddəs varmı dünyada?
22 aprel 2009
Övladsız qoymasın Tanrım heç kəsi
Oğuldu atanın gücü, dirəyi,
Oğuldu atanın çırpan ürəyi.
Hər anı, hər yerdə odu dirəyi,
Olmayır uşağın yaxşısı, pisi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Ağırdı həsrəti, ağırdı dağı,
Nə qədər ağlasan güləcək yağı.
Kim istər mənasız boş yaşamağı,
Kəsilsin həyatdan ana naləsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Evin söykəndiyi bircə dayaqdı,
O varsa xoşbəxtlik ayıq-sayaqdı.
Ailə ağacdırsa, uşaq yarpaqdı,
Heç quru ağacın olmaz kölgəsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Mənasız ömürlə bezdirmə, Allah,
İnsana dərd verib əzdirmə, Allah,
Bu ağır yük ilə gəzdirmə, Allah,
Gəlsin hər obadan bir körpə səsi,
Övladsız qoymasın Tanrım heç kəsi.
Belə yaşamaqdan ölmək yaxşıdı,
Yüz yazıb-pozmaqdan görmək yaxşıdı.
Vallahi, dünyada gülmək yaxşıdı,
Gəzsin hər ocaqda uşaq kölgəsi -
Övladsız qoymasın Tanrım heç kəsi.
22 aprel 2009
Müəllif:Elvin Mütaliboğlu