Otağı doldurub yenə tənhalıq,
Bir udum havaya yer qoymamışdı.
Saatın can sıxan tıqıltıları,
Könlümə tökülən soyuq yağışdır.
O gözəl gələrsə gülərsə bir gün,
Otağı günəşlə, sevinclə bəzər.
Dərdsə manejdəki şıltaqlığıçün,
Sahibdən gizlənən pələngə bənzər.
Bir vaxt gec olacaq bu peşmançılıq,
Hücuma keçəcək hər ikimizə.
Bir səadət kimi görünəcəkdir,
Onda bu söz-söhbət, bu mübahisə.
Onda deyəcəyik bir görüşəydik.
Yenə başlayaydı mübahisələr.
Yenə hər ikimiz haqlı olardıq.
Susa bilməyəydik səhərə qədər.
Mən səni danlayıb haqsız edərdim,
Haqsız eliyəydin səndə ki, məni.
Onda çox güman ki, ayrılmamaqçün,
Sübhədək kəsməzdik mübahisəni.
Ağlayar
Bulud göy üzünün gözüymüş demə.
Göy üzü dolanda bulud ağlayar.
Ümüd acizliyin sözüymüş demə.
Çarə tükənəndə ümid ağlayar.
Dərd çəkmək ürəyin boynuna düşüb.
Yük ağır olanda ürək ağrayar.
Tufanda, çovğunda keçən bir ömrün,
Yayında çən düşər, külək ağlayar.
Göz yaşı göylərin gözündən düşər.
Torpaq göz yaşından mamır bağlayar.
Şaxtadan qəlbimdə dərd yetimləşər,
Birdən ağlayaram göylər qınayar.