Məni sevirsənsə özünü qoru,
Qoru həyatını bir inci kimi.
Könlümün yeganə təsəllisi tək,
Qəlbimin yeganə sevinci kimi.
İnan ki varlığım, ömrüm, həyatım,
Bu günüm, sabahım bağlıdır sənə.
Tək sənə bağlıdır müqəddəratım,
Səni görmək istəyir ürəyim yenə.
Ömrümə günəşsən, parlaq bir günəş,
Harada olsan da işığın gələr.
Soyuyan qəlbimə atəşsən, atəş,
Xəyalın ömrümə işıq, nur ələr.
Tənha gecələrdə xatirələrin
Vəfalı dost kimi yanıma gələr.
Sənin təbəssümün - ömür ülkərim,
Həmdəmim - danışan, dinən vərəqlər.
Mənimki olsaydın, səni əl üstə,
Göz üstə saxlardım, saxlardım,inan.
Qəlbimin yeganə sevinci ikən,
Dönüb başqasına kədər olmusan.
Sənin varlığında varlığım yaşar,
Duyğutək qəlbimə dolaydın ey kaş.
Xəyalın ömrümə sevinclər qoşar,
Dönüb sən olaydım, olaydım ey kaş.
Qoru ürəyini, qəlbini qoru,
Küləklər səsini çatdırsın mənə.
Yaxınlar, uzaqlar qoy bilsin bunu,
Səninlə diriyəm səninlə yenə.
Mənim anam
Getdin bu dünyadan həsrət, nigaran,
Getdin ürəyində ayrılıq dağı.
Heç bir il keçməmiş köçdü dünyadan,
Tərk etdi bacım da doğma torpağı.
O, sənsiz bir il də qala bilmədi,
Mən sizsiz dözmüşəm otuz il tamam.
Bir məni yadına sala bilmədi,
Yumdu gözlərini qarlı bir axşam.
Dözərəm dağ kimi, ürəyimdə dağ,
İllərdi gözlərim yollarda qalar.
Ey vüsal, bir kərə ol bizə ortaq,
Bu həsrət könlümü odlara qalar.
İstini, soyuğu yola salmışam,
Mənə hər üzünü göstərmiş həyat.
Sənə ki deməzsən borclu qalmışam,
Sındıra bilmədim səni də heyhat.
Çalxanar ürəyim dənizlər kimi,
Tutular, açılar gündə yüz kərə.
Mən ki azadlığa verdim qəlbimi
Mən görüş vədəsi verdim ellərə.
Ana, ayrılığın həsrətində mən,
İnan dözümlüydüm bu dağlar kimi.
Yadıma düşəndə bəzən bacım, sən,
Düşürdüm tufana budaqlar kimi.
Məni qınamasın dost da, tanış da,
Qaldım ayrılığın həsrətində tək.
Dözərdim payız da, bahar da, qış da,
Bu dərdə sinəmdə dözməyir ürək.