Bu dünyada gərək dostu, görmüşəm
Süfrəsində yemək olmur çörəyi.
Aldanmışam, sirlərimi demişəm.
Dar günümdə kövrəlməyib ürəyi.
Kəlməbaşı yerli-yersiz and içib,
Hey danışıb sədaqətdən don biçib.
Gün dolanıb, həftə ötüb, ay keçib,
Axtarmayıb olmursansa gərəyi.
Gəl, oğulsan sonra, tapa biləsən,
Görüşəndə günahkarsan hələ sən.
Vay o günə borcu geri istəsən,
Ağrıdar başını dərdi, gileyi.
Qulaq asın, deyiləsi sözüm var,
Bicliyindən duza düşür qarğalar...
Ay qardaşlar, ay bacılar, insanlar!
Aldatmasın sizi şeytan kələyi!
İlham İdrisoğlu Brest 27.06.2010
Biqeyrət nə bilir elin qədrini?
Düşsən gülüstana bülbülü axtar
Sərçə hardan bilir gülün qədrini?
Səpilib qoynunu sonalar tutar.
Qarğa hardan bilir gölün qədrini?
Çeynəyib hər sözü ucuz edən var.
Düz yolu tərgidib çəp də gedən var.
Etdiyi əməlçün dırnaq didən var
Boş baş hardan bilir əlin qədrini.
Qeyrət kəmərini unudan insan.
Düz keçər yanından odlara yansan.
Pis olmaz arabir sözünü udsan.
Nadan hardan bilir dilin qədrini?
Danışıb özündən çıxanlar gördüm
Kükrəyib yalandan çaxanlar gördüm
Ay İlham, ucadan baxanlar gördüm.
Biqeyrət nə bilir elin qədrini?
İlham İdrisoğlu Brest 14.05.2012