Qadın əli dəyən hər ev, hər bucaq
Gül ətri qoxuyar, bir gülşən olar.
Tökülər ürəyə nur qucaq-qucaq
İnsanın həyatı, ömrü şən olar.
Qadınsız nə həyat, qadınsız nə gün ?
Qadınla açılır ömrün səhəri.
Bir günəş doğmuşdur insanlar üçün,
Qadının çöhrəsi güləndən bəri.
Qadın anamızdır, qadın bacımız,
Qadın məhəbbəti yaşadır bizi.
Qadın şöhrətimiz, qadın tacımız,
Qadın eşq ümmanı, sevgi dənizi.
Qadın adi fəhlə, qadın bəstəkar,
Nəğməyə çevrilir qadın əməyi.
O elə düşünər, elə yaradar,
Daşa da can verər qadın əməyi.
Qadın qayğısından nur içir ürək,
Qadınsız evlərdə ocaq da sönər.
Qadınlı evlərdə yeyilən çörək,
Yavan yeyilsə də şəkərə dönər.
Qadının ürəyi bir asimandır,
Ulduzlar sayrışar bu asimanda.
Qadın elə şahdır, elə sultandır,
Baş əyir hökmünə şah da, sultan da.
Nədir
Baxıb əhvalıma gülürsən hərdən,
Qəmliyə gülməyin mənası nədir.
Sən əgər gülsənsə, gərək biləsən
Bülbülün fəryadı, nəvası nədir.
Nə vaxtdır əlimdən alıbsan məni,
Xumar baxışınla çalıbsan məni.
Elə bir möhnətə salıbsan məni.
Bilmirəm dərdimin dəvası nədir.
Qəlbim həsrətindən dara çəkilər,
Əsirin olmağa mərhəmət dilər.
Qafildən soruşma ,nuş edən bilər,
Məhəbbət meyinin havası nədir.
Bilmirəm nə deyim xoşuna gəlsin,
Rasimə lütf eylə, qarşına gəlsin.
Qarğış eləmirəm, başına gəlsin,
Görəsən hicranın cəfası nədir.
Rasim Kərimli