Eşqin bulağından bir qurtum içdim,
Gərək o bulağı qəlbimə çəkim.
Səni ürəyimə həyanım seçdim,
Gəl sənə qəlbimdə bir yuva tikim.
Yanında de, necə qanadlanmayım,
Sən də dad mənimlə eşqin dadını,
Bir anlıq olsa da uçurum səni,
Sən qaçır ver qəlbin xoş muradını.
Baxaram, duyaram necə dəyişdin,
Hələ də eşqimdən tam dadmayırsan.
Qaçırsan ürəyim çıxır yerindən,
Niyə şübhə edir, inanmayırsan?
Səninəm, bil, ya da isinim nədən,
Sənin tək kim məni bəxtəvər edər?
Kim bilər eşqimin qədir, qiymətin,
Canım qızmaz, ey yar, qısqanma hədər.
Sənsiz dayanmaq da mənə çox çətin,
Qəlbimə od saldın, hovumu da al.
Belə eşq oduna bir ürək yanar,
Busənlə qəlbimə bir sərinlik də sal,
Yoxsa həsrət məni yandırıb yaxar.
Hər nə gözəllik görürsən məndə,
Onların mənbəyi sənə bağlıdı.
Qorxma məndə əgər qüsur görsən də,
Onları düzəltmək səndən asılıdı.
Sevgilim, qəlbimdə vuran ürəksən,
Mən sənsiz yaşaya bilərəmmi heç?
Qəlb baxçamdakı bircə çiçəksən,
Üstündən bir ləçək salarammı heç?
Sənsiz heçəm, başımın tacı,
Qəlbimin gözüsən, canımın özü.
Səndədir qəlbimin hər ehtiyacı,
Sənə həsr olacaq həyatı, sözü.
Ağlım çaşır səndən uzaqda düzü.
Sənin qəlbinə mən girim əbədi,
Səni candan sevən ürək məndədi.
Həsrət gözləməkdən məgər bezmədi?
Qəlbimin ehtiyacı ləblərindədi.
Min bağdan, baxçadan keçsəm də ey yar,
Qəlbimə ilk çiçək əkən sən oldun.
Tər çiçək olsa da yanımda qızlar,
Bəhərin umduğum çiçək sən oldun.
Mən eşq sorağıyla gəzdim, dolaşdım,
Səndən öncə qəlbim aldanıb, sınıb.
Sənin eşqin ilə çağladım, çoşdum,
Səni sevib qəlbim sənə inanıb.
Sən məni üzəndə dəli oluram,
Mən səni üzməyə qıymaram heç vaxt.
Arzumun kamını səndən alıram,
Səninlə qoy gülsün üzümə bu baxt.
Ay canım, canımı üzmə, nə olar,
Məni dəli edib qıyma canıma.
Üzgünlük qəlbimi yamanca dağlar.
Məni qəzəbinlə, kinlə sınama.
Sənsiz qəzəbinə dözə bilmirəm.
Sənə qəzəblənə də bilmirəm, canım.
Səni yaddaşımdan bir an silmirəm,
Gülməsən ilhama gəlmirəm, canım.
Istəsən qəfəsə sal məni, ey yar,
Qəfəsim ürəyin olsun sevgilim.
Elnur ürəyində bəxtəvər yaşar,
Qəlbində dar olmaz heç zaman yerim.
Belə qısqanırsan, bağla özünə,
Onsuz da bağlıyam sənə ömürlük.
Düşmədim, düşmərəm yadlar izinə,
Çıxmaram əhdimə heç zaman dönük.
İlk və son vüsalım, qismətim ol sən,
Sən mənim, mən sənin, qovuşaq yarım.
Gəlinlik donunda ömrümə gəl sən,
Sadiqlik son andım, əhdim, qərarım.
Müəllif: Elnur Məmmədov