Qadin.NET / Gedirsən...

Gedirsən...



Gedirsən...

Ömrümün gül açan gənclik bağında,

Sevgimin əlçatmaz həsrət dağında,

Qəlbimin titrəyib sevən çağında

Vurub ürəyimə yara, gedirsən,

Məni tənha qoyub hara gedirsən?

 

Qəlb necə unutsun şirin sözünü?

Qəm-qüssədən heç qalmayıb dözümü.

Silib gözlərimdən gülən gözünü

Çəkib varlığımı dara, gedirsən,

Məni tənha qoyub hara gedirsən?

 

Ərşə çəkdirmisən şirin yuxumu,

Sən olmasan neynirəm var-yoxumu?!

Könlümdə cücərdib sevgi toxumu

Yetmədən ən şirin bara, gedirsən,

Məni tənha qoyub hara gedirsən?

 

Çöküb gözlərimə qaranlıq pərdə,

Zülmətdir açılan nurlu səhər də.

Salaraq qəlbimi sağalmaz dərdə

Tapmadan yarama çara, gedirsən,

Məni tənha qoyub hara gedirsən?

Gedirsən...

Yadımdadır hər bir sözün, söhbətin,

Sanırdım tükənməzdir məhəbbətin,

Bilirsən tək-tənha bacarmaq çətin,

Ataraq borana, qara gedirsən,

Məni tənha qoyub hara gedirsən?

 

Sənə olan hisslərimi duymadan,

İşıq saçan gözlərinə doymadan,

Axan göz yaşıma məhəl qoymadan

Üz çevirib başqa yara gedirsən???

Məni tənha qoyub hara gedirsən?

 

Nədir gözlərində qəmgin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki boranlar, qışlar?

İndi dönüb sənmi mənə deyirsən:

Məni tənha qoyub hara gedirsən?!

                                                                                                                                    Sevda Rəhimli (Titi)

23 oktyabr 2013
GO BACK