Qadin.NET / İtirmə...

İtirmə...

 

İtirmə...

Ta qədimdən adətimiz, şanımız,

İsmətimiz, namusu vicdanımız,

Xəstəliyə yoluxmasın qanımız,

İsmətini, qeyrətini itirmə!


Qız olsun, ya da ki oğlan, fərqi yox,

İsmət ilə yaşamaqda fayda çox!

Allahından, vicdanından bir az qorx,

Saflığını, xislətini itirmə!

 

Aldatmasın səni gözün gördüyü,

Qızlar, başdan əksik etmə örtüyü!

Kim qeyrətin çəkər çılpaq sürtüyün?!

Ədəbli ol, hörmətini itirmə!


Oğul, baxma pisliklərə, pislərə,

Yolun azan nadan və xəbislərə,

Baş qoşma yolun azan iblislərə,

Şeytana uyub, cənnətini itirmə!

 

İtir varı, itir pulu, taparsan,

Sən itirdiyin dostları tapmarsan,

Tapan deyilsən, nə qədər axtarsan

Tərbiyəni, mərifətini itirmə!


Qeyrətli qız, oğul-çıxıb qəhətə,

Çoxu meyl salıb, şana-şöhrətə.

Nüfuz satılır, bil, vara-dövlətə,

Allah yanında izzətini itirmə!


Nə pis görsən gözlərini yumma sən,

Yan keçəcək, düşünmə sən, umma sən.

Bir bəndəni pis yoldan sən döndərsən,

Özün batma, diqqətini itirmə!


Səni sevən birinə sal mehrini,

Duy sevginin, səadətin sehrini.

İçirtmə ürəyə zina zəhərini,

Bakirəlik əzəmətini itirmə!

İtirmə...

Allah yolu, iman yolu, haqq yolu

Azma həyatda, ey övlad, nahaq yolu!

Qəlbində sev, Allahı, Allah qulu!

Allahına şəhadətini itirmə!


Hər nə sənət öyrənsən, halal olsun!

Aman vermə haramdan zaval olsun!

Yalan satma, sus, qoy dilin lal olsun!

Haqq yolla get, fərasətini itirmə!


Nə çox gördüm üzünə üzlər çəkəni,

Ev yıxanı, haramdan ev tikəni,

Sən yaxma üstünə haram ləkəni!

İtaətini, ibadətini itirmə!


Ye duz-çörək, harama aldanma sən,
Azı çox bil, günah edib, yanma sən!
Allah verər, işləsən və istəsən
Qazandığın bərəkətini itirmə!

Saf doğulub, günahsız yaranmışıq,
Nəfsimizlə cəng edib, sınanmışıq!
Biz də günah edib, sonra qanmışıq!
Qoru sən öz təravətini, itirmə!

Haqq kitabı, Quran qalxanın olsun!
Namaz qılsan, qəlbdə imanın olsun!
Nə iş etsən, düşün, vicdanın olsun!
Allah əmrin, kəramətin itirmə!

Gər ki gördun aldanmısan, sapmısan,
Öz səhvini araşdırıb tapmısan.
Bu yoldan nicat qapısı açmısan,
Tövbə elə, rəhmətini itirmə!

Yolun azanlardan olma, nəbadə
Cavab verəcəyik biz həqq dünyadə!
Əməli saleh ol, yetişər vədə..
Pisdən öyrən, ibrətini itirmə!

Keçmişlərdən süzülüb bulaq kimi
Verilib əlinə o çıraq kimi!
Nuru qəlbində gəzdir, uşaq kimi...
Behiştə aparan sənədini, itirmə!

Allah görür, mələk yazır hamını,
Qur qəlbində imanın istehkamın.
Allah nurun, yolunu sən İslamın,
Baş tacı bil, qüdrətini itirmə!
İtirmə...
Sən bizim ənənəyə hörmət elə,
Kim ki qanır, haqq yola dəvət elə.
Səadət tap, daim ibadət ilə,
Sənə miras, adətini itirmə!

Sənə yazdım öyüd və ibrət üçün,
Savab qazan, övlad, axirət üçün.
Sən yaşama şan ilə şöhrət üçün,
Ataların nəsihətini itirmə!

Haqq yolunda bilmədən azan da var,
Həyatdı bu, görürsən qəzan da var.
Niyyəti saf yaşa, daim bəxtiyar!
Nə itirsən, mərhəmətini itirmə!

İtirdiyin hər şey üçün qəm etmə,
Sən özünə kədərlə sitəm etmə,
Haqq yolu get, nahaq yol ilə getmə!
Bir an belə ləyaqətini itirmə!

Böyük-kiçik, hər kəsə hörmət eylə,
Danışanda hər sözə diqqət eylə,
Ürəyində, əməldə niyyət ilə,
Allahına itaətini itirmə!

Hər yaranan Allahın bir neməti,
Allah nurudur insanın isməti.
Fani dünya üçün çəkmə möhnəti,
Haqq dünyanı, səadətini itirmə!

Bax hər yerdə xoş yaşamaq istəsən,
Çalış, tər tök, xoşbəxtdir zəhmət çəkən!
Ya təhsilin, ya əməyin ilə sən,
Bir xoş iz qoy, işarətini itirmə!

Ruh bədəndən ayrılacaq, unutma
Bu dünya bir yuxu deyil, gəl yatma!
Özün özünü, özgələri aldatma,
Cəzası var, qiyamətini unutma!
Haqq divanı, aqibətini unutma!
3 dekabr 2013
GO BACK