Deyirsən sevgidən,eşqdən yazmıram,
Yoxmu ürəyimdə sevgi toxumu?
Deyirsən sevgidən,eşqdən yazmıram,
Azmı gözlərimdən qovub yuxumu?
Azmı möhnətlərə dözübdür bu can?
Yanmışam dəlisov sevgi oduna.
Azmı ürəyimə dolub həyəcan?
Bələdəm,bələdəm onun dadına.
Sevgidən olsa da əzəl bəlalar,
Hər kəs öz eşqinin yarı deyilmi?
Dünyaya göz açan gözəl balalar,
O böyük sevginin barı deyilmi?
Bəzən dil söyləmir ürək deyəni,
Bəzən bir-birini anlamır onlar,
Möhkəm əl də olsa sevgi yüyəni,
Belə məhəbbətin ömrü çox olar.
Sən,hər deyilən sözə inanma,
Yalnız öz qəlbinin səsini dinlə.
Səni yandırmayan köz ilə yanma,
Səni sevənindir yalnız səninlə.