Qadin.NET / Dodaqdəyməz

Dodaqdəyməz


Dodaqdəyməz

Yeni yazdığım şeirlərimdən ikisini paylaşmaq istərdim. Şeirlərimin özəlliyi ondan ibarətdir ki, oxuyarkən dodaqlarınız bir-birinə dəyməyəcək smile 

Yenə eşqin alovunda yanır kövrək ürəklər, 

Yenə sonsuz xəyallara dalır sehirli hisslər. 

Gözləyər qarşılığı, yenidən gülsün deyə, 

Və səssizcə sağ əlini sol əli ilə gizlədər. 

 

İsindiyi əllərin əllərində yad əllər,

Ürəyi qırıq, yolu qaranlıq girişlər.

Dua edər yalvarar istəyə çatsın deyə,

Və səssizcə sağ əlini sol əli ilə gizlədər.

 

Saxta görüş, saxta sözlər və yalançı gülüşlər,

Sönük həyat, susuz güldan və rəngsiz ağ çiçəklər,

Xəyalında şəkillər, divarda tək çərçivə,

Və səssizcə sağ əlini sol əli ilə gizlədər.

 

Yaşananlar var onda soyuq, quru xatirələr,

Sonuncu eşq dəftərini gizlicə vərəqləyər.

Əlindəki üzüyü ondan alarlar deyə,

Və səssizcə sağ əlini sol əli ilə gizlədər. 

Dodaqdəyməz

II  

 Yenidən yeni arzu cücərir kiçik evdən,

Yaz gəlir, çovğun gedir yolunun üzərindən,

Nəfəs alır, həvəs alır yeni doğan günəşindən,

Kiçik ürək deyəsən aşiq olur yenidən.

 

Gecələri ulduzlara danışır hisslərindən,

Gündüzləri yorğunluğu oxunur gözlərindən.

Təkrar-təkrar yenə soruşur sözləri dənizindən,

Kiçik ürək deyəsən aşiq olur yenidən.

 

Zövq alır hər çiçəkdən, ətirindən, ləçəyindən,

Nur saçır ətrafına ağlındakı izlərdən.

Fərqli səs var ürəyində, hiss olur gəlişindən,

Kiçik ürək deyəsən aşiq olur yenidən.

 

Fikirləri qarışıq, dəli deyil dəlisindən,

Aynalarda saatlarca söz soruşur özündən.

Dəyişilir, artıq hər an qorxulur gülüşündən,

Kiçik ürək deyəsən aşiq olur yenidən.

15 oktyabr 2013
GO BACK