Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.