"İlk və son vüsalım, yar, səninlədir"
Bir zaman saf eşqin sorağı ilə,
Sevib-sevilməyin marağı ilə,
Gəzirdim könlümə, özümə həmdəm,
Sənə rast deyildim, o zaman hələ.
Sən çıxdın qarşıma, eşqim-niyyətim,
Allah verdi mənə layiq qismətim.
Elə ilk görüşdən, sevdim ürəkdən!
Sən xəyallarımdan belə gözəldin!
Sarışın saçların, o şux qamətin!
Saf-təmiz ürəyin, o pak xislətin!
Mən səni arayıb-axtarırmışam!
Mənə sənsiz qalmaq, çətindir-çətin!
Sənə duyğularımı aldım qələmə!
Gerçək bir sevgini anlatdım demə,
Sənin də könlünə bir iz salmışam!
Sən də həmdəm oldun təmiz eşqimə...
Təhlükə var idi lap ayrılmaqda!
Səni itirsəydim yaşamazdım mən!
Şükür qismət oldu, yar, qovuşmaq da!
Elçilik, toy-nişan, adəti üzrə,
Yaxınlaşdırdı bizi birgə günlərə.
Hər sevən arzusu, vüsal, səadət!
Saf olan vüsala yetər bir kərə!
İllər ötüb keçir, sənlə bərabər...
Sən şübhə edirsən, niyə bu qədər?
Kişilər bakirə qala bilməzmi?!
Saf eşqin, vüsalın dadana qədər?!
Mənə çoxu "avam", ay "fağır" dedi,
İmanlı olanlar məni bəyəndi.
Sən şübhə edirsən, özün bilərsən,
İlk və son vüsalım, yar, səninlədi!
Gözümə əl tutub gəzə bilmərəm.
Bir yada baxaram, amma görmərəm!
Sən qəlbim gözünün gördüyü varlıq!
Gözümdən qəlbimə, yol salan tək sən!
Qabarcıq...
Bir gün qəfil yarandı,
Bu yaranış hardandı?
Heç bunu düşünmədən,
Havalandı... qabarcıq!
Qanadlandı quş kimi,
Uçurdu bihuş kimi...
Suda kölgəsin görüb
Vüqarlandı qabarcıq.
Dedi: "Mən nə qəşəngəm!
Al-əlvan, rəngarəngəm!"
Özü öz gözəlliynə...
Çox heyrandı qabarcıq,
Özün güclü bilmişdi,
Qabardı, elə şişdi
Külək onu apardı.
Vay, amandı... qabarcıq...
Bilmirdi qəm, kədər var,
Dünyada xeyir, şər var,
Əcəl nədi, bilmirdi,
Şən yaşardı qabarcıq.
Amma uzun sürmədi,
Əcəl aman vermədi,
Bir tikana ilişdi,
Parçalandı qabarcıq.
Bəzi insanlar bu həyatda qabarcıq kimi yaşayırlar!