Dağların
Bilirsənmi, nədir məni ağladan?
Dözəmmirəm həsrətinə dağların.
Uzaqdan-uzağa şərik oluram,
Kədərinə, möhnətinə dağların.
Həsrət məni için-için göynədər,
Bundan böyük nə dərd olar, nə kədər.
O torpaqda şəhid olub neçə ər,
Güvənərək qüdrətinə dağların.
Sarı yerdə at oynadır yad ellər,
Xan Keytinin gülün dərir yad əllər.
Bu torpağın tarixinə yad illər,
Yazılıbmış qismətinə dağların.
Gözü yolda, sinəsində neçə dağ,
Neçə ildir dustaq qalıb Dəlidağ.
Məhəmmədçün qəribsəyib buz bulaq,
Tələsirəm ülfətinə dağların.
Mən
Daha olum öz ağlımın sahibi,
Bəsdir oldum hislərimin qulu mən.
Uşaq kimi nağıllara inanıb,
Görən hara gedirəm bu yolu mən.
Bu dünyada qazandığım qəm olub,
Bəxtə düşən xoşbəxtliyim kəm olub,
Üzüm gülüb, gözlərimsə nəm olub,
Yaşamışam qəlbi qəmlə dolu mən.
Sən bir ulduz, mən dövrəndə haləyəm,
Sənsiz ovunmayan aham, naləyəm,
Məhəmmədəm, bağrı xallı laləyəm,
Demə səhv salmışam sağı, solu mən.
Məhəmməd Ələkbərli