Tənha qaldığım günlərin biri idi. Anamsız çox darıxırdım. Amma görə bilmirdim. Heç kimə də heç nə deyə bilmirdim. Təsəllini aşağıdakı şeirdə tapdım. Bu şeir doğrudan da ürəkdən gələn hisslərimin 10 dəqiqə içərisində kağız üzərində yazılmasıdır. Müəyyən xətalarım ola bilər. Şairlərdən üzr istəyirəm. Ümid edirəm xoşunuza gələr.
Anamın həsrəti
Yaman darıxıram səninçün, ana,
Həsrətin çəkirəm sənin, ay ana.
Özüm ana olsam da indi, ay ana
Sən mənə hər zaman lazımsan, ana.
Hər yerdə gözlərim səni axtarar,
Sənin yandığın tək mənə kim yanar?
Ürəyim hər zaman bil səni anar,
Anaya da yenə ana lazım olar.
Ürəyim titrəyir, gözüm yaş tökür,
Mənasız taleyim sənin belin bükür,
Ömrümü, günümü əzablar sökür,
Ağaran saçına qurbanam, ana.
Dilədin Tanrıdan hər zaman ana,
Qızımın qisməti səadət olsun.
Fələk elə yıxdı bəxtimi yana,
Qızının qisməti fəlakət oldu.
Deyirsən övladın təsəllin olsun,
Yanan ürəyinə sərin su olsun.
Nur üzlü körpənin hər gülüşündə,
Dağılsın sənin bütün dərdi-sərində.
Görmək istəyirəm səni mən ana,
Qadağa qoyulur. bu mümkün deyil.
Əlimi uzatsam çatar əlinə,
Sənə gələn yollar yetişən deyil.
Sənin təsəllinə ehtiyacım var,
Sənin danlağına ehtiyacım var.
Sənin hər kəlmənə ehtiyacım var,
Sən mənə yaxınkən uzaqsan ana.
Səninçün burnumun ucu göynəyir,
Səni görmək üçün nələr edərdim.
Hər ana deyəndə söyləyirsən can,
Can deyən dilinə qurbanam, ana.
Hər zaman çəkmisən əziyyətimi,
Güldürə bilmədim qara bəxtimi.
İstəmirəm biləsən mənim dərdimi,
Sənə verdiyim əzab bəsdir ay ana.
Anamın laylası
Anam layla deyib başımın üstdə,
Laylanın sözləri bayatı olub.
Laylalar anamın arzularının,
Gələcəyə uçan qanadı olub.
Anam laylaların hər bir sözünü,
Qəlbinin oduyla naxışlayıbdır.
Laylalar anladıb hər şeyi mənə,
O mənə dünyanı bağışlayıbdır.
İncə laylalardan öyrənmişəm ki,
Sakit havalarda göy mavi olar.
Əgər sinəsində tufan olmasa,
Dəniz də göy kimi səmavi olar.
Dağ igidlərin daş heykəlidir,
Çinarlar məğrurdur, çiçəklər zərif.
Görən həzin-həzin nə pıçıldayır?
Külək budaqlarda əsirsə xəfif.
Laylalar deyib ki oddan mərhəmət,
Çılpaq qayalardan çiçək gözləmə.
Hamının qəmindən məhəbbət umub,
Səni duya bilən ürək gözləmə.
Məhəbbət böyükdür, hər şeydən böyük.
İnsanı torpağa odur bağlayan.
Sevilmək istəsən sevməyi bacar!
Bunlarsız yaşamaq deyildir asan.
Anam çox şey deyib, təkcə nifrətdən,
Niyə söz açmayıb, niyə bilmirəm?!
Anam laylasını çox şirin deyib,
Mən o şirinlikdə deyə bilmirəm.
Allah bütün anaları qorusun. Qalanlara can sağlığı arzulayıram, bu dünyanı tərk edənlərə Allahdan rəhmət diləyirəm. Bizim hər zaman analara ehtiyacımız var.