Şeir yazıram
Anaraq o həzin xatirələri
Mən ilham alıram şair sayağı.
Alıb sağ əlimə avtomat qələm,
Açıb dəftərimdə boş bir varağı,
Şeir yazıram.
Açıb pəncərəni nəfəs uduram
Tanrının səpsərin külək payından.
Ətrini aldıqca hər udum-udum,
İçərək anamın isti çayından,
Şeir yazıram.
Yazmıram "bağ belə" ya bostan "belə".
Çox da xoşlamıram şişirtmələri.
Bir məna üstündür min qafiyədən.
Təkrar yaşayaraq xatirələri,
Şeir yazıram.
Nə dərddən bəhs edir, nə də əzabdan.
Nə qəmdən bəhs edir, nə həsrətindən.
Nə səndən bəhs edir, nə başqasından.
Bir Fərid Rüzgarın məhəbbətindən,
Şeir yazıram.
Amma, susma!
Bir an belə, küsgün olsan, sanki, illər dərdidir bu.
İstəyirsən soyuq səslə dindir, gülüm. Amma, susma.
Bil ki, səni itirməkdir içimdəki qorxu, ancaq.
O iynəli sözlərlə ver mənən zülm. Amma, susma.
Mənə bu cür soyuqluğun anlayıram səbəbini.
Qırdın. Qırdım. Axı, sevgim səndən alır ədəbini.
Uf demərəm.. Lap istəsən, soyutmaqçın əsəbini,
Eylə məni param-parça, bölüm-bölüm. Amma, susma.
Təkrar, geri alım necə qəlb evimin mələyini?
Məndən, səni qaytarmaqçın, əsirgəmə köməyini.
Mənə şans ver, zaman-zaman almaq üçün ürəyini.
Mənə "Hə" de, varsa əgər şans ödülüm. Amma, susma.
Darıxıram. Nə olsun ki, az müddətdir küsülüyük.
Kaş ki, yuxu ola. Heyf, həqiqətdir. Küsülüyük.
Bu ki, bir baş qürurumla ədavətdir. Küsülüyük.
"Gəl " de gəlim. "Qal" de qalım. "Öl" de ölüm. Amma, susma.