Sən gedirsən...
Uzaq-uzaq ünvanlara
Qanadlanmış xəyal kimi, duyğu kimi
Sən gedirsən...milyon-milyon xatirənin arasından,
Sən gedirsən, icin-icin həsrətinlə qaysaqlanmış ürəyimin yarasından.
Sən gedirsən...
Söylə neyçün?
Söz demədən, son sözünü söyləmədən
Niyə belə edirsən?
İçimdəki harayımı ovutmadan axı hara gedirsən?
Getmə dayan...
Heç olmasa qoy əksini gözlərimə həkk eyləyim,
Bir az gözlə...
Bu məhhəbbət oylağını əvvəlki tək qoy səninlə
Tərk eyləyim.
Əgər getsən hayqıraram, kükrəmiş bir dəniz kimi
Vulkan kimi,
Dəli kimi qıy vuraram, balasından ayrı düşmüş yaralı bir tərlan kimi
Getmə dayan!
Heç olmasa son dəfə də gözlərinə baxım barı,
Birdə çətin görə biləm, gözlərimə qəsd eyləyən baxışları
Sən gedirsən...
Düşünmürsən qəm karvanı, taleyimə cığır salar, yol salar
Hicran ağac qurdu tək ürəyimi parçalar.
Yadındamı? İlk görüş?
Səni gizli süzərdim
Baxışımı boynuna mirvari tək düzərdim,
Sənə çiçək dərəndə kədərlənib durardın,
Gülü dərməzlər deyib,
Hay-həşir qoparardın,
Məni suçlu sanardın.
İndi mənim taleyim bir gülə dəyməz oldu,
Üzülməyən iradəm, yenə üzülməz oldu.
Ümüdümü qırmağa bəlkə savab deyirsən?
Sənki rəhimdil idin niyə belə edirsən?
Gəl aparma özünlə daha belə günahı,
Tutar səni, tez tutar əzablarımın ahı
Sən gedirsən...
Elə bil dünya işıqsız qalır, yaraşıqsız qalır,
Kədər adlı dünyama, yeni kədər boylanır.
Vədənin yel qanadında
Gəldi çatdı sonuncu an,
Mənsə yenə yalvarıram
Dayan!dayan! bir az dayan!
Sən gedirsən...
Asta-asta, aram-aram
Düşünməki daha varam
Səndən sonra sənsizlikdə
Bir əbədi yadigaram!
Qayıtma daha
Çıxıb getdinsə birdəfəlik get,
Bu sınıq qəlbimə qayıtma daha.
Məni tərk etdinsə, ömürlük tərk et,
Məhv olmuş dünyama qayıtma daha.
Sev bir başqasını, sev məndəndə çox,
Etdiyin günahçün sən Allahdan qorx.
Sənə bir damlada artıq sevgim yox,
Boş qalmış qəlbimə qayıtma daha.
Peşiman olsanda sən məni unut,
Axan göz yaşımı sevginlə qurut.
Uzaqdan sən mənim könlümü unut,
Ümüdsüz qəlbimə qayıtma daha!
Müəllif: Abbas Alazanlı