Qadin.NET / Nüsrət Kəsəmənli yaradıcılığı

Nüsrət Kəsəmənli yaradıcılığı

 

Nüsrət Kəsəmənli yaradıcılığı

 

Nüsrət Kəsəmənli ən çox sevdiyim şairlərdən biridir. Yaradıcılığının bir hissəsini və ən çox sevdiyim şeirlərindən üçünü sizinlə paylaşıram, güman edirəm ki bəyənərsiz.

Nüsrət Kəsəmənli ədəbiyyata 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində demək olar ki, ehtiyacın içindən çıxıb gəlmişdi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tahsil ala-ala "Bakı" qəzetində çalışmış, universiteti bitirdikdən sonra isə Azərbaycan Yazıçılar İttifaqında işləmişdi. 80-ci illərin ortalarından "Azərbaycanfilm" kinostudiyasında baş redaktor olmuş, həmin illərdə Azərbaycan televiziyasında cəmiyjətin boyük maraqla qarşıladığı məşhur "Dünyaya pəncərə" verilişini yaradaraq ciddi sosial-mənəvi problemlər qaldırmışdı. Və Nüsrət Kəsəmənli 70-ci illərdə nəşr olunan "Sevirsənsə" (1971), "Gözlərimin qarası" (1975), "Özümə bənzədiyim günlər" (1979) kitabları, ədəbi görüşlərdə, məclislərdə özünaməxsus bir emosionallıqla oxuduğu şeirlərlə artıq Azərbaycan gəncliyinin sevimlisinə çevrilmişdi. İnsan (onun həyatı, məhəbbəti, nifrəti...) barədə əsl həqiqəti eşitməyə can atan 70-ci illər Azərbaycan gəncliyi yaradıcılıqda ilk böyük addımlarını atan şair üçün dövrün hər hansı məşhur sənətkarının belə qibtə edəcəyi böyük bir auditoriya idi. Nüsrət Kəsəmənli bu auditoriyada özünü müəllim-tərbiyəçi kimi aparmır, əbədi demaqoqluq eləmirdi. Özündən danışırdı! "Bizim evdə biri vardı, biri yox..." Və iyirmi yaşlarından otuz yaşlarına keçən gənc şairin sürətlə böyük ədəbi nüfuz qazanmasının birinci səbəbi artıq dəfələrlə deyildiyi kimi şeirlərinin səmimiliyi idisə, ikinci səbəbi həmin səmimiliyin ilk növbədə özünə münasibətdə təzahürü idi. O, atalı-analı yetimliyindən, həyata göz açıb nənəsini görməsindən, ehtiyac içində keçən gəncliyindən, heç kimdən mərhəmət ummamasından danışırdı... Lakin heç kimi mühakimə eləmir, günahlandırmır, taleyin ona bəxş etdiyi mənəvi tərcümeyi-haldan imtina edəcəyini ağlına belə gətirmirdi. Taleyinə bu cür mərdanə bir şəkildə yiyə durmaq, tərcümeyi-halını ictimailəşdirmədə (vulqarlaşdırmadan!) təqdim eləmək cəsarəti Nüsrət Kəsəmənlinin poetik istedadı qarşısında elə bir geniş meydan açırdı ki, bu meydanda insan psixologiyasının ən müxtəlif spektrlərini aşkarlamaq, insanı insan edən nüansları xırdalamaq mümkün idi.

 

Nüsrət Kəsəmənlı insanı həyatda qazandığı təcrübələrin, ictimai diplomatiyanın yekunu kimi yox, hansısa fövqəladə qüvvənin təzahürü olan təkrarsız "mən" kimi, mənəvipsixoloji impuls kimi təqdim edir. Hər şeyi ölçüb-biçən, daxilində nəyisə vuruşduran insan onun poetik maraq dairəsinə daxil deyil. "Ya dəli kimi sevib, ya da dəli kimi nifrət edib" yazan şair üçün bu, tamamilə təbiidir. 

Azərbaycan poeziyasının tarixində məhəbbət mövzusunda yazmayan bir şair təsəvvür eləmək çətindir. "Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin" deyən Nizamidən, "Eşqdir hər nə var aləmdə, Elm bir qeylü-qal imiş ancaq" nəticəsınə gələn Füzulidən, "Gecə-gündüz mən didarə aşiqəm" söyləyən Vaqifdən sonrakı Azərbaycan şairləri də sonsuz bir ehtirasla məhəbbətdən yazmağı davam etdirmişlər. Lakin əvvəlki dövrlərdən fərqli olaraq müasir dövrdə hansısa böyük sənətkarı ümumiyyətlə "məhəbbət şairi" adlandırmaq o qədər də asan deyil... Nüsrət Kəsəmənli haqqında isə cəsarətlə demək olar ki, o, Azərbaycanın ən böyuk məhəbbət şairlərindən biridir.

 Azərbaycan poeziyası öz gözəllərini  bir daha Nüsrət Kəsəmənlinin odlu, ehtiraslı ürəyi ilə sevdi. Azərbaycan gəncliyinin bütöv bir nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hisslərini, duyğularını ifadə etdilər. Şair taleyi yüzlərlə, minlərlə insanın taleyində bir daha, bir daha yaşandı. Sənətkar üçün bundan böyük xoşbəxtlik təsəvvür eləmək çətindir ki, hələ sağlığında səni duysunlar, yaratdığın obrazlar həyatda kimlərinsə təqlid obyektinə çevrilsin. Və şair üçün bu da böyük bir uğurdur ki, sənin şeirlərinin ideya-estelik təzyiqi ilə sənin dövrünün onlarla gözəl məhəbbət nəğmələri yaransın:

"Ocaqdan tüstü qaçar, ocaqdan isti qaçar; mənsə qalaram, külün olaram sənin" - deyən Nüsrət Kəsəmənlinin məhəbbəti nə qədər normasız, nə qədər standartsız məhəbbətdirsə, o qədər də içdən gələndir, o qədər də canlıdır. Özü bildiyi kimi sevən, özünəməxsus "günahlara batan" və "günahı"nı da yalnız özünə xas cəsarətlə etiraf edən Nüsrət Kəsəmənli üçün hətta desə də məhəbbətin son dayanacağı yoxdur, hər açılan səhər, hər gülən bəxt özü ilə yeni bir sevgi, yeni bir şövq, ehtiras gətirir. Hər doğulan məhəbbət insandan indiyə qədər adət etmədiyi bir fədakarlıq istəyir:

Nüsrət Kəsəmənlinin ehtiraslı olduğu qədər də fədakar, emosional, dəlicəsinə olduğu qədər də səmimi, təvazökar məhəbbəti Azərbaycan xalqının mənəvi sərvətidir.

   Nüsrət məllim kimi məhəbbət mövzusunda yazan ikinci bir şair deyərdim ki, yoxdur. Sanki o hisləri, duyğuları yaşamış kimi yazırdı. Şeirlərində keçirə biləcəyi iztirablar, sevgi, nifrət görünür. Şairin heç bir şeiri bir-birini təkrarlamır. Şeirlərinin əksəriyyəti məhəbbət mövzusunda olsada hər biri ayrı duyğularla yazılmış sanki. Nüsrət məllim şeirlərində vətən sevgisi, vətən həsrəti, dost sevgisi, dost xəyanəti, iki gəncin sevgisi və onların kecirə biləcəkləri iztirabları necə var elə yazmışdır. Bəlkədə buna görə belə çox sevilir. Hər kəsin kecirə biləcəyi duyğuları şeirlərində qeyd etmişdir.İndi həyatda olmasada şeirləri hər zaman sevilərək oxunur.  

 

   Bağlaya bilsən 

De kim saxlayacaq məni bu yoldan?

Bağla yollarımı, bağlaya bilsən.

Əl açıb məhəbbət dilənmədim ki,

Bağla qollarımı, bağlaya bilsən.

 

Bu sevgi köhnədir, bu ülfət yeni,

Bal bilir sən verən qüssəni, qəmi.

Öldürsən, ruhum da sevəcək səni,

Bağla dillərimi bağlaya bilsən.

 

Dənizəm, dalğama bərən düşübdü,

Saçların kəmənddir, görən, düşübdü,

Güllərim bağçamda pəran düşübdü,

Bağla güllərimi, bağlaya bilsən.

 

Gün gələr, inadım hey yorar səni,

Həsrət mənim kimi soldurar səni,

Kor olsam əllərim axtarar səni

Bağla əllərimi, bağlaya bilson.

 

Sevgisiz bir ürək, evsiz yetimdi.

Sənsiz yaşamağım, mənə çətindi,

Bu dünya əvvəldən ölüm-itimdi,

Ağlayarsan mənə, ağlaya bilsən.

 

Küsülü qala bilmirəm... 

Qayıdıb gəlmişəm yanına yenə,

Nə olar, bu dəfə qəlbimə dəymə.

Deyəsən gülürsən acizliyimə,

Neyləyim, küsülü qala bilmirəm.

 

Sevənlər həmişə yesir düşübdür,

Axı aramıza nə sirr düşübdür,

İradəm sevginə əsir düşübdür.

Neyləyim, küsülü qala bilmirəm.

 

Zaman gözləməyir, ömür-gün axır,

Soyuqluğun mənı yandırır-yaxır.

Gözüm gözlərinə yalvarıb baxır,

Neyləyim, küsülü qala bilmirəm.

 

Uçub buludlara qona bilərəm.

Bu dərdin əlində sola bilərəm.

Ömürlük ac-susuz qala bilərəm,

Neyləyim, küsülü qala bilmirəm

 

Yalançı dostlarım 

İnandım sizlərə, qəlbimi verdim,

Doğru axtarırdım, min yalan gördüm,

Sizə arxalandım, çoxaldı dərdim,

Yalançı dostlarım, nə deyim sizə?

 

Şam kimi yandınız, pərvanə oldum,

Qış tək soyudunuz, gül kimi soldum,

Sizi dərdli görüb, divanə oldum,

Yalançı dostlarım, nə deyim sizə?

 

Güdaza nə qədər mərdi verdiniz,

Sevinc istəyirdim, dərdi verdiniz.

Mənə dərd çəkilmiş sərgi verdiniz,

Yalançı dostlarım, nə deyim sizə?

 

Mələk görkəmində nadan oldunuz,

Qadan alım dedim, qadam oldunuz.

Mən elə bilirdim adam oldunuz,

Yalançı dostlarım, nə deyim sizə?

 

Bir meyvə vermədi bar ağacınız,

Yağdırdı üstümə qar ağacınız.

Mənimçün hazırmış dar ağacınız,

Yalançı dostlarım, nə deyim sizə?

3 iyul 2013
GO BACK