Qadin.NET / Səninləyəm

Səninləyəm

 

Səninləyəm

 

Görüşünə gəlmək üçün sən sevdiyin o gülləyəm

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Gecə vaxti istəmirəm gözəl qəlbin qubarlansın,

Nə yazım ki, məhəbbətli ala gözlər xumarlansın,

Burdan ora nə göndərim, o saçların tumarlansın?

Aç ovcunu diqqətlə bax, göröcəksən əlindəyəm,

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,

O sevincli göz yaşların töküləydi kaş ovcuma

Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,

Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Sən gəl-denən uçacağam, qanadlarım əlimdədir,

Yatağına qonmaq üçün nə sehr var dilimdədir,

Görəcəksən sarmaşıq tək bu qollarım belindədir,

Sən öpdükcə mən də öpəm nə danışam, nə dinləyəm,

Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin

Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,

Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.

Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Yadındamı, Mirzə Sakit gözündən yaş çıxardaraq

Gülə-gülə kədərlənib tellərinə çəkdim daraq,

O ətirli saçlarından gizlin bir cüt qopardaraq,

Yapışdırdım saçlarıma, indi həmin telinləyəm

Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

 

Səninləyəm

 

Könül

Tamahlanma sən hər "sağ ol" a,

Sağ olduqca ölən könül,

Ruh bədəndə kaş sağ ola,

Ölən ruha gülən könül.

 

Zülmətlərə işıq çəkən,

Evsizlərə evlər tikən,

O dünyada diri ikən,

Bu dünyaya gələn könül.

 

Qardaş bildin hər qardaşı,

Bal sürtdükcə zəhər daşı,

Oğulsansa qur bardaşı,

Qardaş qədrin bilən könül.

 

Qərib sözün alma dilə,

Dünya dardır, sən qət elə,
Vətənindən qürbət elə,

Ələkdən keç, ələn könül.

 

Mirzə Sakit sözdə qani,

Sözə qurban söz qananı,

Söz içində daş-qayanı,

Sözlərinlə dələn Könül.

 

 Müəllif: Mirzə Sakit.

13 avqust 2013
GO BACK